Cəbhə xəttində mövqe döyüşləri başlana bilər

15 Yanvar 2014 08:04 (UTC+04:00)

Hər gün Ermənistanın atəşkəsi pozması barədə məlumatlar alırıq. Ötən il üçün açıqlanan statistik rəqəmlərdən məlum olur ki, Ermənistan 1796 dəfə atəşkəs rejimini pozub. 2013-cü ildə atəşkəs pozuntularının sayı 2012-ci ilin nəticələrindən 21,3%, 2011-ci ilin nəticələrindən isə 2,3 dəfə çox olub. Cəbhədə sabitiyin pozulmasında hədəf əksər vaxtlarda hərbi hissələrlə yanaşı, mülki şəxslər olur.

Yaşayış məntəqələrimiz cəbhəyə yaxın ərazidə yerləşdiyindən, bəzi yerlərdə daşdan bəndlər qurulsa da, bəzən mülki şəxslər düşmən gülləsindən yayına bilmirlər. Ekspertlərin fikrincə, Ermənistanın bu cür hərəkətləri passiv müharibəni aktiv fazaya keçirə bilər.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə bildirir ki, ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsidir: "Hazırda cəbhə xətti, yaşayış məntəqələrimiz atəşə tutulmaqla yanaşı, Azərbaycan torpaqları üzərində Ermənistan qeyri-qanuni fəaliyyətlərini həyata keçirir. Bütün bunlarla bağlı Azərbaycan özünün müdafiə qabiliyyətini möhkəmləndirmək üçün hər bir üsuldan istifadə edir. Cəbhə xəttində ermənilərin atəşlərinə müvafiq cavab verilir. Yaşayış məntəqlərində əhalinin təhlükəsizliyi üçün müvafiq addımlar atılır. Bu da orada olan insanlar arasında təxribatların olmamasına gətirib çıxarır. İnsanlar təlimatlandırılır. Eyni zamanda, bununla bağlı mütəmadi olaraq beynəlxalq ictimaiyyətə də məlumatlar verilir, faktlar ortaya gətirilir. Bunun nəticəsidir ki, beynəlxalq siyasətdə Ermənistan hələ də özünə yer tapa bilmir. Bir dəfə də olsun beynəlxalq təşkilat, hökumət Ermənistanın fəaliyyətinə dəstək verməyib. Bu gün beynəlxalq ictimiayyəti saya almayan, beynəlxalq hüquq normalarına riayət etmyən yeganə dövlət varsa, o da Ermənistan dövlətidir. Qeyri-sivil fəaliyyətini orta əsrlər metodları ilə həyata keçirir. Ancaq biz onsuz da müharibə şəraitindəyik. Atəşin olmaması müharibənin dayanması deyil. Müharibənin bir fazasıdır. Aktiv faza isə hər an başlaya bilər".

Hərbçi-ekspert Tərlan Eyvazov isə daha fərqli metod təklif edir: "Cəbhə xəttinin yalnız Azərbaycan tərəfində mülki vətəndaşlar yaşayır. O tərəfin isə böyük hissəsini Ermənistan silahlı qüvvələri tutub və mülki şəxslərdən tamamilə boşaldılıb. Yəni, erməni mülki əhalisi cəbhə xəttindən qat-qat aralıda yerləşir və heç bir təhlükəyə məruz deyil. Ancaq beynəlxaq aləmdə ermənilər həyasızcasına bildirirlər ki, biz Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin qorunması üçün bu qədər ərazini işğal etmişik ki, orada təhlükəsizlik zolağı yaradaq. Yəni, 100 min erməni əhalisi üçün 1milyon Azərbaycan vətəndaşını öz yurdundan didərgin salıblar. Amma bizdə atəşkəs xəttindən 200-300 metr məsafədə mülki vətəndaşlar yaşayır. Həmin ərazilərdə daş hasarlar çəkilib. Ancaq bu, primitiv, tələsik olan metoddur. Ona görə də Ermənistan kimi biz də ön cəbhə xəttində olan mövqelərimizdə dəyişiklər etməliyik. Əgər onların addımlarına beynəxalq aləm susursa, Azərbaycan tərəfi özünün qüdrətli silahlı qüvvələrindən istifadə etməklə, mövqe döyüşləri aparmaqla həmin cəbhə xəttini bir qədər irəli çəkməlidir. Belə olanda Azərbaycan kəndlərinə güllə çatmaz. Bu, ölkəmizin hüququdur. Beynəlxaq müstəvidə işğal olunmuş ərazilər bizim torpaq kimi göstərilir. Yəni, bizim hüququmuz var ki, mülki insanların yaşadığı yerlərdə müəyyən qədər mövqe dəyişikliyi edək. Həmin əraziləri güllə məsafəsinə qədər tutmalıyıq".