ANS bu xəbər portallarını məhkəməyə verdi-Yenilənib
15 Yanvar 2014 09:53 (UTC+04:00)
18:25
ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl
gətirən materiallar yaymış bir sıra sayt və portallar bu gün
məhkəməyə verilib.ANS MYMŞ-nın Hüquq Departamentindən verilən
məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə,
məhkəmədə cavab verəcək portallar aşağıdakılardır: aznews.az,
ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az,
presspost.az. Bu portalların qərəzli və əsassız məlumatları
əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib.
Adları çəkilən portallar Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər.
****ANS Şirkətlər Qrupu telekanalın satılması və
telekanalda aparılan ixtisarlar barədə məlumatlar verən mətbu
orqanları məhkəməyə verəcək. Bu barədə eksklüziv olaraq
Movqe.az-a ANS Şirkətlər
Qrupunun vitse-prezidenti Mirşahin
Ağayev məlumat verib. M. Ağayev bildirib ki, artıq dünəndən
başlayaraq müxtəlif saytlarda ANS
telekanalı barədə yalnış məlumatlar yer alır: "Mən indi sizə bir
söz deyəcəm. Bilmirəm bu sizin ağlınıza nə qədər batacaq. Amma biz
bu fikrimizdə israrlıyıq. Və bununla bağlı artıq tapşırıq da
verilib. Haqqımızda dünəndən başlayaraq həqiqətəuyğun olmayan,
xəbəri dəqiqləşdirməmiş məlumat yayan xəbər saytlarını məhkəməyə
verməyə hazırlaşırıq. Mən sizinlə danışmazdan az öncə bununla bağlı
lazımi tapşırıqlar verdim. Bütün bu cəfəngiyyatlara isə cavabı
məhkəmə başa çatdıqdan sonra verəcəm".
Qeyd edək ki, artıq dünəndən etibarən ANS
telekanalının vergi borcuna görə satıldığı və TV-də baş verən
ixtisarlar nəticəsində daha beş müxbir işdən çıxarıldığı barədə
məlumatlar yayılıb. Xəbərlərə görə, telekanalın baş redaktoru
Qənirə Ataşova vəzifədən azad edilib və daha bir departament ləğv
edilib. "Axar.az"ın telekanal daxilindən əldə etdiyi
səhih məlumata görə, televiziya rəhbərliyi yeni ildən etibarən "İç
Xəbər" departamentinin müxbirləri - Xeybər Məmmədov, İsmayıl
Fətəliyev, Əli Abuzərov, Xatirə Məmmədova, Nərgiz Tahirova ilə
əməkdaşlığa xitam verib. İsmayıl Fətəliyevlə Nərgiz Tahirova - "İç
xəbər", Xatirə Məmmədova - "Düzbucaq", Əli Abuzərov isə
departamentin "İqtisadiyyat" üzrə müxbiri olub.
Azərbaycanın ilk müstəqil televiziyasında ixtisarlar bununla
bitmir. Məlumatda "Növbətçi" departamentinin ləğv edilib, "İç
Xəbər"ə birləşdirildiyi deyilir. ANS-də ən gözlənilməz
dəyişiklik isə televiziyada Baş redaktor vəzifəsini icra edən
tanınmış aparıcı Qənirə Ataşovanın vəzifədən azad edilməsi olub.
Əldə etdiyimiz məlumatda Qənirə Ataşovanı Murad Hüseynovun əvəz
etdiyi deyilir. Bundan başqa, "Cinayət işi" verilişi
Sərxan Kamallıdan alınaraq, yenidən Rəşad Məmmədova verilib.
Məlumatda o da bildirilir ki, ANS Şirkətlər Qrupunun
vitse-prezidenti Mirşahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova
yenidən "İç Xəbər"ə aparıcı qismində qayıdıb.
Xatırladaq ki, bundan əvvəl televiziyada müxbir vəzifəsində çalışan
İsmayıl Fətəliyev, operatorlar Feyruz Ağayev və Taleh Mikayılov da
işdən azad edilib.