Fast-fudlar yenə səhhətimizə qənim kəsilib

15 Yanvar 2014 13:37 (UTC+04:00)

İnsanları qida rasionunda getdikcə əsas yerlərdən birini  tutan fast-fud yeməklərin orqanizmə zərərləri, törədə biləcəyi fəsadlar barədə məsələ dəfələrlə gündəmə gəlsə də, bu qida növlərindən istifadə edənlərin sayı durmadan artır.  Qısa zamanda hazırlanan bu yeməklər insanlarda vaxt qənaətinə səbəb olursa da, bir tərəfdən bəlkə də onların qənaət etdikləri vaxtı ömürlərindən alır. Xüsusilə gənclər fast-fud yeməklərə daha çox müraciət edir. Hətta gündə bir neçə dəfə bu cür yeməklərlə qidalanan insanlar da var. 

Konserigen maddələrlə zəngin olan bu cür qidaların insanlarda xərçəng xəstəliyi yaratma riskinin çox yüksək olduğunu deyən tibb sahəsi üzrə ekspert Adil Qeybulla tərkibindəki xammalın hardan gəldiyi məlum olmayan bu qidaların eyni zamanda insanlarda mədə-bağırsaq xəstəliklərinin də yaradıcısı olduğunu bildirir: "Fast-fud qidalarda istifadə olunan xammalın özünün keyfiyyəti və yağlarla bağlı xeyli mübahisəli məsələlər var. Ümumiyyətlə, yağdan həddən çox istifadə olunduqda, qızdırıldıqda, qaynadıldıqda, onlarda konserigen maddələr əmələ gəlir. Hər bir yağ bir dəfə qızardılmada istifadə olunduqdan sonra atılmalıdır. Amma fast-fud qidalarından biri olan kartof qızardılanda dəfələrlə yağa salınıb çıxarılır. Yəni orda bu konserigen elementlərin əmələ gəlməsi riski həddən artıq çoxdur. Onu da qeyd etmək lazımdır ki, fast-fud yeməklər həm də mədə-bağırsaq sistemində pozuntulara, onların tərkibində olan xolestirinlər isə  insanlarda kökəlməyə meyillilik yaradır. Mümkün olan qədər bu cür qidalardan uzaq durmaq lazımdır. Bu qidalanma həyat tərzinə keçdikdən sonra orqanizmlə mübadilə də pozlmuş olur və sağlamlığı geri qaytarmaq olmur". 

Bəs Azərbaycanda fast-fud yeməklər mövcud satndartlara uyğun hazırlanırmı?  Sualımızı cavablandıran Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov xarici ölkələrdən fərqli olaraq, Azərbaycanda fast-fud qidaların hazırlanması üçün hər hansı bir standartın olmadığını deyir: "Azərbaycanda fast-fud hazırlanması sahəsində konkret bir standart yoxdur. Xarici fast-fud restoranları öz standartlarını qoyurlar və o standartlara uyğun olaraq da çalışırlar. Azərbaycanda isə, belə bir standart yoxdur ki, yerlərdə ona riayət olunub-olunmamasını müəyyən edək. Amma ümumilikdə fast-fud yeməklər ayaq üstə, tələsik yeyildiyindən, beyin insanın hərəkəti ilə məşğul olur. Nəticədə yeyilən qida yaxşı həll olunmur. İnsanın fikri yayınır. Digər tərəfdən isə, bu mədəniyyətdən kənardır. Təsəvvür edin ki, Azərbaycanın gözəl, incə bir xanımı yolda yemək yeyə-yeyə gedir. Bu heç də xoş görüntü yaratmır. Süfrənin arxasında yemək yemək ayrı bir mədəniyyətdir və eyni zamanda ünsiyyətdir. Digər tərəfdən isə, məhsul keyfiyyətsizdirsə, elə fast-fud yeməklərin içində də, digərlərini içində də zərərli olacaqdır".