BŞBPİ-dən qəzet satışına qadağa ilə bağlı rəsmi açıqlama
15 Yanvar 2014 14:10 (UTC+04:00)
Bakıda polis tərəfindən qəzet satışına qadağalar
qoyulması barədə məlumatların heç bir əsası yoxdur. Bu barədə
Movqe.az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən
daxil olan məlumatda bildirilir.
Məlumata görə, paytaxt polisi şəhər İcra
Hakimiyyəti ilə birlikdə qanunsuz küçə ticarətinə qarşı müvafiq
tədbirlər həyata keçirir və bu sırada primitiv qaydada kustar
üsulla hazırlanmış rəflərin üzərində olan qəzet-jurnal satışının da
qarşısının alınması həmin tədbirlərin tərkib hissəsidir:
"Vətəndaşların küçə ticarətinin qarşısının alınması ilə bağlı
çoxsaylı müraciətləri gündən-günə gözəlləşən şəhərimizin simasına
xələl gətirən hər cür əldəqayırma satış nöqtələrinin
yığışdırılmasını zəruri edir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti
və Baş Polis İdarəsi əhalinin haqlı narazılığına səbəb olan belə
neqativ hallara qarşı tədbirləri mütəmadi olaraq davam etdirəcək. O
ki, qaldı qanunsuz küçə ticarəti ilə məşğul olanların xüsusi icazə
əsasında fəaliyyət göstərmələrinə, müxtəlif yollarla əldə edilən
həmin sənədlər artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ləğv
edilib".