Azərbaycan bu il 3 adda yeni optik sistemlərin, o cümlədən
termal nişangahın istehsalına
başlayacaq. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin
Optika-Mexanika İstehsalat Birliyindən məlumat
verilib. Artıq müvafiq məhsulların istehsalı üçün
müəssisədə istehsalat sahəsi yaradılıb və zəruri olan bütün sistem
qurulub. Termal nişangah ASELSAN şirkətinin lisenziyası əsasında
istehsal ediləcək və bu şirkətin BOA adlı termal nişangahının
Azərbaycan analoqu olacaq. Müəssisə yaxın perspektivdə
3,5-4,5 qat böyütməyə malik optik gecəgörmə vasitələrinin, habelə
Silahlı Qüvvələrin ehtiyac duyduğu müxtəlif optik sistemlərin
istehsalını həyata keçirməyi planlaşdırır. Azərbaycanda istehsal
olunan STON adlı optik nişangahlar milli istehsal olan 14,5 mm
çaplı "İstiqlal" və 12,7 mm çaplı "Mübariz" snayper tüfənglərinin
komplektləşdirilməsində istifadə olunur.
Hazırda İstehsalat Birliyinin "Alov" zavodunda Silahlı Qüvvələr üçün 12 adda optik cihaz istehsal edilir. Onların arasında atıcı silahlar, qumbaraatanlar, minaatanlar və toplar üçün optik nişangahlar, kollimatorlar, gecəgörmə vasitələri, durbinlər var.