Bankomatlardan pul çəkən dəstə ələ keçib
15 Yanvar 2014 14:40 (UTC+04:00)
Daxili işlər orqanları kibercinayətkarlıqla
mübarizə istiqamətində növbəti əməliyyat tədbiri həyata
keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları
ölkəmizin bank sektoruna qarşı kibercinayətlər törətməkdə təqsirli
bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib. Çin Xalq
Respublikasının vətəndaşları - 27 yaşlı Zhang Jianquan, 29 yaşlı
Zhong Hailing, 33 yaşlı Xu Zhengping və 32 yaşlı Zeng Huihui xüsusi
alət və vasitələr, eləcə də mikrosxemlər, video çəkiliş aparatları,
yaddaş kartları və digər ləvazimatlar vasitəsilə Azərbaycan
Beynəlxalq Bankının bankomatlarına müdaxilə
ediblər. İstintaq araşdırmaları
nəticəsində məlum olub ki, 2013-cü ilin yay aylarında ölkəmizə
gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən bankomat
aparatlarına müdaxilə edərək külli miqdarda pul mənimsəməyə cəhd
göstəriblər. Onlar Nərimanov rayonunun Təbriz küçəsində yerləşən
Azərbaycan Beynəlxalq Bankının bankomat aparatlarına gizli
videokameralar yerləşdiriblər. Bu yolla müştərilərə məxsus
kartların PİN kodları öyrənilib. Bankomatların kart oxuyucu
hissəsinə isə xüsusi hazırlanmış "skimmer" qurğusu quraşdırılıb.
Onlar bu üsulla müştərilərin bank kartlarındakı maqnit xəttində
saxlanılan zəruri məlumatları oğurlamağa cəhd ediblər. Qrup üzvləri
saxlanıldıqdan sonra müəyyən olunub ki, onlar bu yolla təxminən
3634 nəfər müştərinin bankomat kartlarını qeydiyyata alıblar. Lakin
bu müştərilərdən yalnız 21 nəfərin kartı tam oxunub, PİN kodu
öyrənilib. Saxlanılan şəxslər bildiriblər ki, kart məlumatları tam
öyrənildikdən sonra Çin Xalq Respublikasına qayıdaraq müştərilərin
hesabındakı pulları asanlıqla mənimsəyəcəklərmiş. Beləliklə, ilkin
mərhələdə kart məlumatları tam öyrənilmiş 21 nəfər şəxsin
hesabındakı 24 539 manat pul gizli yolla talanmalı imiş. Lakin
Nərimanov polisinin xüsusi peşəkarlıqla həyata keçirdikləri
istintaq əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu
cinayətinin qarşısı alınıb. Saxlanılan
şəxslərin qaldığı Nərimanov rayonu ərazisindəki "Ariva"
mehmanxanasına baxış zamanı video qurğular, yaddaş kartları,
mikrosxemlər, "skimmer" aparatları, digər alət və vasitələr
aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq yolu ilə daha
sonra müəyyən olunub ki, qrup üzvləri xeyli sayda vətəndaşa məxsus
bankomat kartının məlumatlarını ələ keçirməklə, eləcə də bankomat
aparatlarını zədələməklə Azərbaycan Beynəlxalq Bankına 14 196 manat
ziyan vurublar. Fakta bağlı Azərbaycan Cinayət Məcəlləsinin bir
neçə maddəsi ilə cinayət işi başlanıb, bu istiqamətdə zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir.