İki əsgərimiz intihara cəhd etdi
15 Yanvar 2014 16:20 (UTC+04:00)
Müdafiə Nazirliyi əsgərlərin Gəncədəki hərbi
hissədə özlərinə xəsarət yetirməsı məsələsinə rəsmi aydınlıq
gətirib. Movqe.az Müdafiə
Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 12-də Gəncə
səhərində yerləşən "N" saylı hərbi hissələrdən birində 1995-ci il
təvəllüdlü, 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsindən müddətli həqiqi
hərbi xidmətə çağırılan əsgər Əlizadə Rəvan Arif oğlu və 1995-ci il
təvəllüdlü, 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayonu şöbəsindən müddətli
həqiqi hərbi xidmətə çağırılan əsgər Nəcəfov Nicat Vüqar oğlu
özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər (sol saidin
kəsilmiş yaraları diaqnozu). Hər iki əsgərə tibb məntəqəsində ilkin
yardım göstərilib. Yanvarın 13-də
əsgərlər Bakı şəhərinə gətirilərək Silahlı Qüvvələrin Baş Kliniki
Hospitalının Psixiatriya bölməsinə yerləşdiriliblər. Əsgərlərin
vəziyyəti kafidir. Müalicə bitdikdən
sonra xəstəlik epikrizi çıxarılacaq. Respublika baş psixiatrının
rəyi alındıqdan sonra hər iki əsgərin Silahlı Qüvvələrin
sıralarında xidmətlərini davam etdirmələri məsələsi həll
ediləcək. Hadisə ilə bağlı cinayət işi
başlanıb. Faktla əlaqədar Hərbi Prokurorluq tərəfindən araşdırma
aparılır. Baş verən hadisələrin ilkin
araşdırması göstərir ki, əksər hallarda bu cür hərəkətləri
adaptasiya dövründə, mənəvi-psixoloji və fiziki cəhətdən hərbi
xidmətə tam hazır olmayan, hərbi xidmətin çətinliklərinə dözməyən
gənclər törədir. Müdafiə Nazirliyi
valideynlərə, təhsil müəssisələrinin pedaqoji kollektivlərinə,
ictimaiyyət nümayəndələrinə müraciət edərək həqiqi hərbi xidmətə
çağırılan gənclərin Vətənə məhəbbət, xalqa, dövlətə sədaqət ruhunda
tərbiyə olunması, onlarda fədakarlıq və qəhrəmanlıq hisslərinin
aşılanması, mənəvi-psixoloji cəhətdən hərbi xidmətin çətinliklərinə
hazır olmalarına diqqət yetirilməsini xahiş edir.