NATO-nun baş katibi: “Azərbaycanla siyasi dialoqu və əməkdaşlığı dərinləşdirmək niyyətindəyik”

15 Yanvar 2014 19:07 (UTC+04:00)

"İslahatların davam etdirilməsi Azərbaycan üçün çox vacibdir və NATO ölkəyə bu istiqamətdə kömək göstərməyə davam edəcək. Hesab edirəm ki, biz dialoq və əməkdaşlığımızı dərinləşdirə bilərik".

Movqe.az-ın xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Baş katib görüşdə NATO-Azərbaycan formatında əməkdaşlığın daha da möhkəmləndirilməsini müzakirə etdiklərini söyləyib: "Biz siyasi dialoqu dərinləşdirmək niyyətindəyik".

A. F. Rasmussen NATO-nun Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlara dəstəyini və əfqan təhlükəsizlik qüvvələri üçün təlimlər təşkil etməsini yüksək qiymətləndirdiklərini söyləyib.