Azərbaycan Əfqanıstan ordusuna1 milyon avro ayırıb
15 Yanvar 2014 18:54 (UTC+04:00)
Azərbaycan Əfqanıstan Milli Ordusuna dəstək Fonduna daha 1 milyon
avro ayırır. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussenlə
görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki,
Azərbaycan bu il İSAF qüvvələrinin çıxarılmasından sonra da
Əfqanıstana dəstəyini davam etdirmək niyyətindədir: "Biz əfqan
ordusuna dəstək fonduna 1 milyon avro ayırmışdıq və yardımı davam
etdirəcəyimizi vəd etmişdik. Bu gün mən demək istəyirəm ki, biz
daha 1 milyon avro ayıraraq bunu Əfqanıstanda sülh və
təhlükəsizliyin bərqərar edilməsinə öz töhfəmiz sayırıq".
Azərbaycan prezidenti NATO-nun baş katibi ilə görüşdə bölgədəki
vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardıqlarını
söyləyib: "Bu münaqişə regional təhlükəsizlik və sabitlik üçün əsas
maneədir. Münaqişə mümkün qədər qısa zamanda həll olunmalıdır.
Problemin həlli beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə əsaslanmalıdır"