Məcburi köçkünlər üçün yeni qəsəbə salınır

15 Yanvar 2014 19:35 (UTC+04:00)
Ömrünün son 20 ili əzablar içində keçsə də, yaşı 60-ı haqlayan Cəmilə xalanın müsahibə boyu üzündən gülüş əskik olmur. Uşaq yaşlarında valideynlərini itirib. Qürbətdə olduğu üçün yeganə qardaşının üzünü 30 ildir görməyib. 35 il əvvəl Tərtərdən Ağdamın Şurabad kəndinə gəlin köçəndə 20 yaşı olub. 3 övladı var. 1-ci Qarabağ müharibəsində Doğma yurdunu tərk edərək bir müddət qohumlarının yanında yaşayıb. 15 ildən artıqdır Tərtərin Mamırlı kəndi ərazisində Bərdə-Ağdam magistral yolunun kənarında humanitar təşkilatların köməyi ilə inşa etdiyi palçıq daxmada yaşayır.
Məcburi köçkün Cəmilə Babayeva: "Uşaq da, dayanmadı orda. Kərpici uşaqlar özləri kəsdi, daşı, şiferi özləri verdi, tikdirməyi də özümüz tikdirdik, fəhləsi də, ustası da özümüz olduq".
Aradan keçən illlər ərzində oğlunun və özünün günəmuzd işlərdən qazandığıyla otaqların sayını artırıb. Odun sobasıyla qızdırılan, döşəməsi torpaqdan, tavanı çadırdan, divarları palçıqdan olan daxmanı Cəmilə xala isti yuvaya çevirib. Bu palçıq daxmada 3 övlad böyüdüb. Buradan oğullarını orduya yola salıb, qızını gəlin köçürüb. Hazırda bu daxmada 3 nəvəsi böyüyür. Ən böyükləri Xəyalın 4 yaşı var. Ancaq yəqin ki, onlar palçıq daxmada keçirdikləri bu günləri xatırlamayacaq. Çünki bir neçə aydan sonra ailə Ağdamda məcburi köçkünlər üçün inşa edilən qəsəbəyə yerləşdiriləcək.
Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sifarişiylə tikintisinə 2 ay əvvəl başlanan qəsəbə İmamqulubəyli kəndi ərazisində inşa edilir. 632 evlik qəsəbədə məktəb, uşaq baxçası, poçt ,klub, həkim məntəqəsi də inşa olunur. Ailələrin hər biri 6 sot həyətyanı sahə ilə təmin ediləcək. Hər evə su çəkilir. Su təminatının daimi olması üçün qəsəbədə 2 ədəd min kubmetrlik su anbarı da inşa olunur. Artıq evlərin bir hissəsinin tikintisi başa çatıb. Qəsəbə bu ilin yayında təhvil veriləcək və buraya Bərdə-Ağdam magistral yolunun kənarında yaşayan ailələr köçürüləcək. Beləliklə Cəmilə xalanın da əzablı günləri 6 ay sonra başa çatacaq.