Dövlət Komitəsindən "sələfi" açıqlaması

16 Yanvar 2014 13:39 (UTC+04:00)
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Azərbaycandakı "sələfi" adlandırılan dini qrupların KİV-də yaydığı qarşılıqlı ittihamlarla bağlı bəyanat yayıb. Dövlət Komitəsindən Movqe.az-a  daxil olan məlumatda deyilir ki, son günlər özlərini "sələfi" adlandıran dini qrupların bir sıra nümayəndələri arasındakı qarşılıqlı ittihamların kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılması müşahidə edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən, "fətva" xarakterli ittihamlar və sözügedən qruplaşmaların digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd hallara yol verilməsi, insan hüquqlarının pozulması, cəmiyyətdə çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fətva vermək səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur. Bu səbəbdən sözügedən gərginlik hansı zəmində yaranmasından asılı olmayaraq, ölkədəki mövcud dini duruma və respublikamızın beynəlxalq imicinə mənfi təsir göstərməkdədir.
Cəmiyyətdə dini sabitliyin, müxtəlif məzhəb və dini cərəyanlara mənsub dindarlar arasında dözümlülüyün təmin olunması istiqamətində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranmış vəziyyəti yaxından müşahidə etməklə yanaşı, dini durumda sabitliyin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir. Eyni zamanda, sözügedən açıqlama və materialların dini duruma birbaşa mənfi təsiri, qarşılıqlı ittihamların kifayət qədər ciddi olduğu və hüquqi qiymət verilməsinə zərurət yarandığı nəzərə alınaraq, həmin materiallarda dini zəmində nifrət və ədavətin yayılmasına zəmin olmasını, dini dözümsüzlüyə rəvac verilməsini və Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb edilməsinə çağırış olmasını müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və təyin olunmuş dinşünaslıq ekspertizasının nəticələrinə uyğun olaraq, Dövlət Komitəsi tərəfindən, hüquqi müstəvidə görülən tədbirlər də daxil olmaqla, bütün zəruri addımlar atılacaqdır.