Nömrə daşınma sisteminə keçidin vaxtı açıqlandı
16 Yanvar 2014 16:40 (UTC+04:00)
Mobil rabitə şəbəkələrində nömrələrin daşınması
sisteminin (Mobile number portability - MNP) istifadəyə verilməsi
tarixi açınıb. Movqe.az-ın xəbərinə görə, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyindən bildiriblər ki,sistem təqribən bu ayın sonunadək istifadəyə
veriləcək. Mobil rabitə
operatorlarında ötən ilin sonunda sistemin bu ilin əvvəlində
istifadəyə veriləcəyi haqda verdikləri proqnozları nəzərə alsaq,
artıq yaxın zamanda mobil rabitə istifadəçilərinin gözlədikləri
sistemin təqdim edəcəyi imkanlardan yararlana
biləcəklər. Mobil rabitə şəbəkələrində
nömrələrin daşınması sisteminin əsas məqsədi mobil rabitə
abunəçilərinə operator seçimində daha geniş imkanlar və azadlıq
verməkdir. Belə ki, artıq abunəçi
mobil rabitə operatorunu dəyişdikdə istifadə etdiyi on rəqəmli (050
XXX XX XX) nömrəsi dəyişilməyəcək, sadəcə, ona gələn zənglər
seçdiyi mobil rabitə operatorunun şəbəkəsinə yönləndiriləcək.
Xidmət "Azerfon", "Bakcell" və "Azercell Telekom" mobil rabitə
operatorları ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
arasında imzalanmış müvafiq müqavilə əsasında
göstəriləcək. Rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasovun təsdiq etdiyi qaydalara
əsasən, mobil telefon nömrəsinin bir operator şəbəkəsindən digər
şəbəkəyə daşınması abunəçinin müraciəti əsasında 5 gün müddətində
həyata keçirilir. Abunəçinin hesabında borcun olması, nömrənin
daşınması ilə bağlı məlumatların natamam olması, daşınması tələb
olunan nömrə abunəçiyə aid olmadıqda, nömrənin bir şəbəkədən digər
şəbəkəyə daşınmasına maneə törədə bilər. Daşınması tələb olunan nömrə mövcud olduqda və nömrə daşınması
üçün təqdim olunmuş ərizə və sənədlər düzgün olduğu halda abunəçi
istifadə etdiyi şəbəkə operatoru ilə müqaviləni dayandırır və
şəbəkəsinə keçmək istədiyi operatorla müqavilə bağlayır. Abunəçinin
müqaviləsi və digər sənədləri Mərkəzi baza sisteminə daxil edilir
və üç gün ərzində operatordan nömrənin onun şəbəkəsinə daşınması
imkanının olub-olmaması haqda abunəçi cavab
almalıdır. Daşınmış nömrənin digər
şəbəkəyə yenidən daşınması, sonuncu nömrə daşınması tarixindən 3
(üç) ay müddət keçdikdən sonra yerinə yetirilə bilər.
Bu sistemi ötən ilin dekabr ayından
etibarən istifadəyə verən qonşu Rusiya, abunəçilərə ilkin
mərhələdə, bu ilin aprel ayınadək sistemdən o qədər də aktiv
istifadə etməməyə çağırıb, çünki ilkin mərhələdə sistem təzə
olduğundan problemlərin çıxması Rusiya operatorları tərəfindən
istisna edilmir.