Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnamın
təhsil və təlim naziri Fam Vu Luan ilə görüşüb.
Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə
istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında
təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə
müzakirələr aparılıb. Həmçinin Sovet İttifaqı dövründə minlərlə
vyetnamlı gəncin Azərbaycan universitetlərində, xüsusilə Azərbaycan
Neft Akademiyası və Bakı Dövlət Universitetində təhsil aldığı
vurğulanıb, hazırda həmin məzunların Vyetnamın özəl və dövlət
sektorlarında müxtəlif vəzifələrdə çalışdığı qeyd olunub.
Bu ənənənin müasir dövrdə də davam etdiyi bildirib və hazırda
Vyetnamın "PetroVyetnam" şirkətinin xətti ilə 33 nəfər vyetnamlı
tələbənin Azərbaycanda təhsil aldığı diqqətə çatdırıb.
Görüş zamanı tərəflər iki ölkə arasında təhsil sahəsində mövcud
əməkdaşlığın genişləndirilməsi üçün təhsil üzrə mütəxəssislərin,
müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata
keçirilməsi, təhsil sərgilərinin təşkil olunması, hər iki ölkənin
ali təhsil ocaqları arasında əlaqələrin qurulması, təhsil sahəsində
müqavilə-hüquq bazasının genişləndirilməsi barədə fikir mübadiləsi
aparıblar.
Görüşün sonunda tərəflər səfirliklə nazirlik arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.