Argentina qəzeti Azərbaycandan yazdı

16 Yanvar 2014 19:25 (UTC+04:00)

Azərbaycan Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin "El Cronista" qəzetində məqaləsi dərc olunub. Movqe.az-ın Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan Avropanın enerji xəritəsini dəyişir" adlı məqalədə diplomat əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasının ölkəmizin inkişafına, habelə regional əməkdaşlıq və inteqrasiyaya, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən söz açıb.

Məqalədə ötən ilin 17 dekabr tarixində Şahdəniz qaz yatağının işlədilməsinin ikinci mərhələsinə (Şahdəniz-2) dair imzalanmış yekun investisiya sazişi, Şahdəniz-2 çərçivəsində təbii qazın istehsalı, nəqli və istehlakı ilə bağlı məqamlara toxunulur. Həmçinin bu layihənin həyata keçirilməsinin aidiyyəti üzrə ölkələrin inkişafına və Avropanın enerji təhlükəsizliyinə töhfəsindən bəhs edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə istinadən müəllif Şahdəniz-2 layihəsinin Avropanın enerji xəritəsini dəyişdirəcəyini vurğulayıb.