Ünvanlı yardım alanlara şad xəbər
16 Yanvar 2014 22:22 (UTC+04:00)
Artıq vətəndaşlar ünvanlı sosial yardımı almaq üçün lazım olan
sənədlərin toplanması zamanı dövlət qurumları qarşısında saatlarla
vaxt keçirməyəcəklər. Bundan əlavə hər bir şəxs yardım almaq üçün
müraciət etmək hüququ əldə edəcək. Yəni hazırda ünvanlı sosial
yardım almaq istəyən şəxs öz ailə tərkibi, aylıq gəliri, əmlakı
barədə və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət
qurumuna təqdim etməlidir. Tətbiq olunacaq yeni sistemdən sonra
buna ehtiyac qalmayacaq. Hazırda irəli sürülən layihə üzərində
müzakirələr aparılır. Təkliflərə əsasən ünvanlı sosial yardımın
təyin olunması mərkəzləşdirilmiş qaydada və elektron şəkildə həyata
keçiriləcək. Dövlət sosial təminat xidmətinin rəisi Çingiz Əliyev
deyir ki, artıq yeni sistemin tətbiq olnması üçün işlərə start
verilib. Mərkəzləşdirilmiş sistemin tətbiq olunmasında əsas məqsəd
ölkədə ünvanlı sosial yardımın təyin olunması, ödənilməsi və
ödənilməsindən imtina edilməsi məsələlərində şəffaflığı təmin etmək
və məmur vətəndaş təmasını minimum səviyyəyə endirməkdir. Eyni
zamanda dövlət büdcəsindən ayrılan vəsaitin düzgün istiqmətdə sərf
olunması da qarşıya qoyulan əsas məqsədlərdən biridir.
Ölkədə ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start
verilib. Ünvanlı sosial yadımın verilməsində əsas məqsəd az
təminatlı ailələrin maddi şəraitin yaxşılaşdırımasıdır. Ünvanlı
sosial yardımın təyin olunması üçün hər il ehtiyac meyarı haqqında
qanun qəbul edilir. Hazırda ehtiyac meyarı 100 manat məbləğində
müəyyən olunub. Bu o deməkdir ki, ailə üzvlərinin hər birinin
ehtiyac meyarının cəmindən az gəliri olduqda aradakı fərq qədər
ünvanlı sosial yardım təyin olunur və 1 il müddətinə nəzərdə
tutulub. hazırda ölkədə 140 min 711 ailə ünvanlı sosial yardım
alır.