Hacıbala Abutalıbovdan dayanacaqlarla bağlı sərəncam

17 Yanvar 2014 09:48 (UTC+04:00)
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzaladığı sərəncama əsasən, bundan sonra paytaxt ərazisindəki dayanacaqlara vurulan reklam xarakterli elan və afişalara görə məsuliyyət nəzərdə tutulub. Modern.az xəbər verir ki, sərəncama görə, dayanacaqlara reklam və elan kağızları yapışdıran şəxs məsuliyyətə cəlb olunacaq. Başqa sözlə, dayanacaqlara reklam xarakterli elan və afişaların vurulması qəti qadağan edilib. Məqsəd dayanacaqların görüşünə xələl gətirən halların qarşısını almaqdır. Artıq H.Abutalıbovun sərəncamı ilə əlaqədar paytaxt rayonlarının icra başçılarına müvafiq bildirişlər göndərilib ki, sərəncamın icrasına nəzarət eitsinlər. Bununla bağlı hər bir rayonun ərazisindəki dayanacaqlarda avtobus gözləyən şəhər sakinlərinin məlumatlandırılması üşün xəbərdarlıq mətnləri vurulur.