Azərbaycanlı killerin cinayət işi üzrə istintaq başa çatıb

17 Yanvar 2014 14:20 (UTC+04:00)

Rusiyada çoxlu sayda qətldə şübhəli bilinərək həbs edilən azərbaycanlı killerin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Moskva Vilayəti üzrə İdarəsi "Axsaq Nazim" ləqəbli Azərbaycan vətəndaşı Nazim Hümbətovun cinayət işinin istintaqını yekunlaşdırıb. Nazim Hüseynova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (Qəsdən iki və ya daha çox şəxsi öldürmə), 222-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.  İstintaq materiallarında  bildirilir ki, 24 sentyabr 2003-cü ildə N. Hümbətov Ceyhun Xəlilov adlı tanışı və daha iki silahlı şəxslə birlikdə Odintsovo rayonunun Qryaz kəndində yerləşən avtoservisin ərazisində İlham Hüseynov adlı birisi ilə "razborka"ya gedib. "Razborka" zamanı tərəflər arasında razılıq əldə olunmayıb. Bu zaman Ceyhun Xəlilov üzərində gəzdirdiyi "TT" markalı tapança ilə İlham Hüseynova atəş açıb. Hümbətovla birlikdə gələn silahlı şəxslər də İlham Hüseynovu müşahidə edən üç azərbaycanlıya atəş açmağa başlayıblar. Nəticədə İ. Hüseynov və onun Mamed adlı tanışı ölüb. İki nəfər isə ağır yaralanıb. Hadisədən 5 il keçdikdən sonra 2008-ci ildə Moskva vilayətinin müstəntiqləri bu cinayət hadisəsinin üstünü açaraq Nazim Hümbətov barəsində axtarış elan ediblər. Lakin Hümbətovu yaxalamaq yalnız 2012-ci ilin payızında mümkün olub. Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin Federal Təhlükəsizlik Xidməti ilə birlikdə keçirdiyi əməliyyat zamanı N. Hümbətov yaxalanıb. Onun məxfi həyat tərzi keçirdiyi və daim yaşadığı ünvanları dəyişərək saxta pasportlardan istifadə etdiyi məlum olub.  İstintaq materiallarında N. Hümbətovun cinayət əməllərini birgə törətdiyi tanışı Ceyhun Xəlilovun öldüyü bildirilir. Bu səbəbdən ona qarşı heç bir ittiham irəli sürülməyib. "Axsaq Nazim"in 90-cı ilin əvvəllərində Azərbaycandan Moskvaya gəldiyi xəbər verilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, azərbaycanlılar Hümbətovdan muzdlu qatil kimi istifadə etməyə başlayıblar. "Axsaq Nazim"in o dövrün bir çox sifarişli qətllərində adı keçsə də, dəlil yetərsizliyi ucbatından onu istintaqa cəlb etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanlarındakı mənbə Nazim Hümbətovun kriminal karyerasındakı sıçrayışın tanınmış kriminal avtoritet Rövşən Lənkəranski ilə (Rövşən Canıyev) tanışlığından sonra baş verdiyini bildirib. Onun R. Lənkəranskinin ştatlı killeri olduğu bildirilir. Moskvanın meyvə və tərəvəzin  topdansatış bazarına nəzarət üstündə Lənkəranskinin "Axsaq Nazim"in əli ilə onlarla şəxsi aradan götürdüyü iddia olunur. Lakin hələlik istintaq orqanları N. Hümbətova qarşı yalnız Odintsovo rayonunda dörd nəfərin güllələnməsi ilə bağlı ittiham irəli sürüblər.