İlham Əliyevə "2013-cü ilin adamı" mükafatı təqdim olunub

17 Yanvar 2014 16:36 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2013-cü ilin adamı" mükafatının təqdim olunması mərasimi keçirilib.

Yüksək mükafata görə minnətdarlıq edən Prezident İlham Əliyev öz fəaliyyəti ilə ölkəmizi gələcəkdə də inkişaf etdirməyə çalışacağını bildirib. "Sizin verdiyiniz belə yüksək qiymət məni daha da ruhlandırır", - deyən dövlətimizin başçısı "İlin adamı" mükafatını təqdim edən ANS-in ölkədə ilk müstəqil telekanal olduğunu xatırladıb və Azərbaycanda müstəqil jurnalistikanın inkişafında onun xüsusi rolunu vurğulayıb.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev 2001-ci ildən verilən bu mükafatın ideya təməlində vətənpərvərlik amilinin və xalqımıza göstərilən xidmətlərin dəyərləndirilməsinin dayandığını söyləyib.

ANS Şirkətlər Qrupunun prezidenti, Milli Qəhrəman Çingiz Mustafayev Fondunun idarə heyətinin üzvü Vahid Mustafayev bildirib ki, Prezident İlham Əliyev bu mükafata vətəndaşların etimadını qazanaraq Prezident seçilməsinə, BMT Təhlükəsizlik Şurasının sədri kimi ölkəmizin nüfuzunun dünyada gedən proseslərə təsir göstərə biləcək səviyyəyə çatdırılmasına, Azərbaycanın kosmik dövlətlər sırasına qoşulmasına, iqtisadi inkişaf tempini qoruyub saxlamasına, "Şahdəniz-2", Trans-Adriatik və Trans-Anadolu layihələrinin uğurla həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına, Avropa İttifaqına üzv ölkələrlə sadələşdirilmiş viza rejiminə keçidə nail olunmasına, rəsmi Bakının regionda ardıcıl və prinsipial siyasət yürütməsinə görə layiq görülmüşdür.

Sonra mükafat Prezident İlham Əliyevə təqdim edilib.

Dövlətimizin başçısı pul mükafatının ənənəvi olaraq Silahlı Qüvvələr Fonduna köçürüləcəyini, ona təqdim olunan saatın isə muzeydə saxlanılacağını bildirib.

Azərbaycan Prezidenti 2013-cü ilin həqiqətən də uğurlu olduğunu, ilin əvvəlində "ASAN xidmət"in yaradıldığını, bu xidmətin korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizəyə yardım etdiyini vurğulayıb. "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə 2013-cü ilə gözəl yekun vurulduğunu deyən dövlətimizin başçısı bu hadisənin ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəyini bildirib.

Prezident İlham Əliyev 2013-cü ildə "Azərspace -1" peykinin fəzaya buraxılmasını ilin mühüm hadisələrindən biri adlandırıb. Dövlətimizin başçısı peykin idarə edilməsinin artıq Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilməsinin önəmini qeyd edib.

Ötən ilin yaddaqalan hadisələri sırasında Davos Forumunun Azərbaycanda keçirilməsini, ölkəmizin iqtisadi inkişaf templərinə görə Avropa qitəsində birinci olduğunu, sosial sahədə ciddi islahatlar aparıldığını, sovet əmanətlərinin MDB məkanında ən böyük əmsalla məhz Azərbaycan vətəndaşlarına verildiyini, təhsil, ordu quruculuğu, sosial sahələrdə çox ciddi islahatların həyata keçirildiyini və bu islahatların artıq öz bəhrəsini verdiyini deyən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə ölkəmizin mövqeyinin ədalətə söykəndiyini, dünyada Azərbaycana olan dəstəyin artdığını vurğulayıb.

Prezident İlham Əliyev medianın həyatımızdakı vacib rolundan danışdı və Azərbaycanda bütün azadlıqların mövcud olduğunu deyib.

Dövlət başçısı qeyd edib ki, ANS telekanalı müstəqil jurnalistikanın inkişafına gələcəkdə də töhfə verəcəkdir.

Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, 2014-cü ildə Azərbaycan üçün uğurlu olacaqdır.

Sonda xatirə şəkli çəkdirilib.