Azərbaycan “İqtisadi Azadlıq İndeksi - 2014” hesabatında daha altı pillə irəliləyib

17 Yanvar 2014 19:50 (UTC+04:00)

Ölkəmiz iqtisadi azadlıq səviyyəsinə görə İtaliya, Yunanıstan, Hindistan, Rusiya, Ukrayna və bir sıra Avropa ölkələrini qabaqlayır

İqtisadiyyatın inkişafının dünyanın bir çox qabaqcıl ölkələrinə nümunə ola biləcək Azərbaycan modeli özünə getdikcə daha çox diqqət çəkməkdədir. 2013-cü ildə Azərbaycanda böyük layihələr icra edilmiş, ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır ki, bu da dünya səviyyəsində böyük nəticə hesab olunur. Ötən il Azərbaycanın qeyri-neft sektoru 9,8 faiz artmış, il ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu göstəricilərin hər biri öz-özlüyündə rekord nəticələrdir.

Azərbaycanın iqtisadi sahədə qazandığı bu nailiyyətlər, eləcə də ölkədə həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətə davamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.

Dünyanın "Moodys", "Fitch Raitings", "Standard and Poors" kimi aparıcı reytinq agentlikləri hətta inkişaf etmiş ölkələrin maliyyə reytinqini aşağı saldıqları halda, Azərbaycanın maliyyə reytinqini ardıcıl olaraq yüksəldirlər.

Dünya İqtisadi Forumunun 2013-cü ilə dair hesabatında Azərbaycan iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri arasında 39-cu yeri tutmuşdur.

Artıq vaxtilə Azərbaycanı tənqid edən qurumlar da ölkəmizin iqtisadi inkişaf sahəsində qazandığı uğurları etiraf etmək məcburiyyətindədirlər.

ABŞ-ın "Heritage" Fondu və "Wall Street Journal" qəzetinin birgə hazırladığı "İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdur. Ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırmışdır. Buna səbəb kimi maliyyə idarəçiliyi və mülkiyyət hüququ məsələlərində irəliləyişlər əldə olunduğu göstərilir.

Hesabatda dövlət borcunun aşağı səviyyədə olduğu xüsusi vurğulanmışdır. Həmçinin, dövlət xərcləri, vergi, biznes, əmək, monetar, ticarət, investisiya, maliyyə azadlıqlarının vəziyyəti ilə bağlı olduqca pozitiv nəticələr nümayiş etdirildiyi qeyd olunur.

Azərbaycan 42 Asiya–Sakit Okean ölkəsi arasında 13-cü yeri tutmuşdur və onun orta xalı orta regional və qlobal göstəricilərdən daha yüksəkdir. Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Hindistan, Rusiya, Ukrayna kimi ölkələri qabaqlamışdır.

Hesabatda qeyd edilir ki, son illər Azərbaycanda iqtisadi azadlıqlar kifayət qədər genişlənmişdir. Ardıcıl şəkildə həyata keçirilən silsilə xarakterli böyük islahatlar nəticəsində Azərbaycan orta azad ölkələr sırasına daxil olmuşdur. Əgər reytinqdə 10 xallıq irəliləmə 9 ölkədən 10-u üçün yaxşı nəticə hesab oluna bilərsə, Azərbaycan ümumi iqtisadi azadlıq səviyyəsinin yaxşılaşmasında 31,3 xal toplayaraq hər bir ölkə üçün ən yaxşı göstərici sayıla biləcək nəticə nümayiş etdirmişdir.

"Bir pəncərə" prinsipinin tətbiqi Azərbaycanda biznesə başlamağı tam sadələşdirmişdir. Bunun üçün zəruri prosedurların sayı 6-ya endirilmişdir, minimal kapital isə tələb olunmur.

Hesabatda bildirilir ki, son illər neft və qaz hasilatı, tikinti sektoru və iqtisadiyyata özəl investisiyalar artmışdır. 2012-ci ilin iyununda Azərbaycan və Türkiyə Avropanın Rusiya qazından asılılığını azaldacaq TANAP layihəsini təsdiq etmişlər.

Bu və digər hesabatlar bir daha təsdiqləyir ki, Azərbaycan iqtisadi cəhətdən azad ölkədir. Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmış, ölkə iqtisadiyyatına 150 milyard dollardan çox investisiya yatırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları ötmüş, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq isə 5,3 faizə enmişdir.

Bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olmuşdur və Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir.