Bakı prokurorluğunda ötən ilin yekunları müzakirə edilib

17 Yanvar 2014 18:28 (UTC+04:00)

Yanvarın 17-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2013-cü ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir. 

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirmişdir ki, 2013-cü il Azərbaycan Respublikasının inkişaf tarixində mühüm nailiyyətlərlə yadda qalan, ölkəmizin siyasi və iqtisadi cəhətdən daha da möhkəmlənməsi ilə nəticələnən bir dövr olmuşdur. Ötən il həm də onunla əlamətdar il olmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək səs çoxluğu ilə növbəti dəfə dövlətimizin prezidenti seçilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi əldə edilmiş iqtisadi nailiyyətlər, ölkəmizdə yoxsulluğun və işsizliyin səviyyəsinin azalması kriminogen durumun da sabitləşməsinə müsbət təsirini göstərmişdir.

 Bildirilmişdir ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə olunmuşdur.

Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilmiş, bu sahədə tələbkarlıq daha da artırılmış, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilmişdir. Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 425, daxili işlər orqanlarında isə 4277 cinayət işinin istintaqı tamamlanmışdır. Paytaxtın prokurorluq və digər hüquq mühafizə orqanlarının birgə hayata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilmişdir.

Belə ki, Xətai rayonunda Hindistan Respublikası vətəndaşı Binod Kumarın, Nəsimi rayonunda İran İslam Respublikası vətəndaşı Həqzadə Mirəli Vəkil ağa oğlunun, Yasamal rayonunda Türkiyə Respublikasının vətəndaşı Mehmet Alim Halil oğlunun, Nərimanov rayonunda Nağıyev Rasim Tağı oğlunun qətlə yetirilmələri ilə əlaqədar bağlı qalmış cinayət işlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunmuşlar.

2013-cü ildə paytaxt ərazisində bir qrup şəxslər tərəfindən ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsində və əmlak ziyanı vurulmasında ifadə olunan qanunsuzluqların qarşısı alınmaqla,  həmin hadisələrə görə başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin olunmuşdur.

Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran əsas problemlərdən biri olması Bakı şəhər prokuroru tərəfindən xüsusilə vurğulanaraq bildirilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin 26.12.2012-ci il tarixdə imzaladığı "Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamından irəli gələn vəzifələrin layiqincə icrası daim nəzarətdə saxlanılmış, il ərzində xüsusən ölümlə nəticələnən yol nəqliyyat hadisələri Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olmuşdur. Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, əvvəlki illə müqayisədə baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri azalmış, hadisə yerindən qaçan naməlum sürücülərin müəyyən edilməsi istiqamətində müsbət nəticələr əldə edilərək bağlı qalmış cinayətlərin sayı da iki dəfə azalmışdır. Həmçinin, müşavirədə bu sahədə mövcud olan çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruru tədbirlərin görülməsi hər bir əməkdaşdan  tələb edilmişdir.

Müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə qayğı və həssaslıqla yanaşılması tələb olunmuş və bildirilmişdir ki, hesabat dövründə şəhər prokurorluğunda ümumilikdə 1436 vətəndaşın qəbulu təşkil edilmişdir.

 Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlara da diqqət yetirilərək 2012-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə və quldurluq cinayətlərinin sayının artması, 4 qəsdən adam öldürmə, 19 quldurluq cinayətlərinin açılmaması narahatçılıq hissi ilə qeyd edilərək həmin işlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi, bu məqsədlə xüsusən də, kriminalistika xidməti işinin daha da gücləndirilməsi, vaxtında istintaq taktikasının və metodikasının, istintaq fərziyyələrinin düzgün qurulmasının vacibliyi vurğulanmışdır. Şəhər prokuroru tərəfindən bu istiqamətdə zəruri göstərişlər verilmiş, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilmişdir.

Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanmışdır ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 14 əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 2 əməkdaş prokurorluq orqanlarından xaric edilmiş, 1 əməkdaş isə vəzifədən azad edilmişdir.

Yekunda şəhər prokuroru Əziz Seyidov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə etmişdir.