Azərbaycan qızıl istehsalını artırdı

17 Yanvar 2014 20:15 (UTC+04:00)

Azərbaycanda qızıl istehsalı isə məşğul olan "Anglo Asian Mining plc" (AAM) şirkəti 2013-cü ildə "Gədəbəy" kompleks mədənində hasil edilən 52 068 unsiya qızıl istehsal edib. 

Bu barədə Trend-ə istinadən məlumat verir. Müqayisə üçün, AAM 2012-ci ildə 50 215 unsiya qızıl hasil edib.

Şirkət 2013-cü ildə 46 076 qızıl unsiyası reallaşdırıb, halbuki 2012-ci ildə satış həcmləri 42 743 unsiya olub. Lakin şirkət 2012-ci ildə 1 unsiya qızılı orta hesabla 1 660 dollara satırdısa, ötən il bu qiymət 1387 dollar təşkil edib.

AAM-in baş direktoru Rza Vəziri deyib ki, istehsalın artımına baxmayaraq, şirkət bu il üçün proqnozu yerinə yetirə bilmədi. Şirkət hasilatı 60 min unsiya səviyyəsində təmin etməyi planlaşdırırdı ki, bu da 2012-ci ildə istehsal həcmlərini 20 faiz üstələyə bilərdi.

R.Vəziri vurğulayıb ki, bu, gözlənilməz hava şəraiti və 2013-cü ilin iyununda qızılın çən yuyulması zavodunun işə salınması üzrə işlə əlaqədar olub: "Bu, 2013-cü ildə qızılın qiymətinin azalması ilə birlikdə ötən illə müqayisədə mənfəətin xeyli azalmasına gətirib çıxaracaq".


Qeyd edək ki, Azərbaycan hökuməti ilə məhsulun bölüşdürülməsi haqqında sazişin şərtlərinə görə, AAM təqribən 2 min kvadratkilometr sahədə mineral resursların kəşfiyyatı və hasilatını aparmaq hüququna malikdir. Bura 3 müqavilə sahəsi ("Qoşa", "Gədəbəy" və "Ordubad") daxildir.

Şirkətin resurs bazası 36 ton qızıl, 292 ton gümüş və 94 min ton misdən çoxdur. AAM-in işlədiyi yataqlar arasında ən irisi "Gədəbəy" kompleks mədənidir. Burada ilk qızıl və gümüş 2009-cu ilin may ayında hasil olunub.