Evini zibilxanaya döndərənlər...
17 Yanvar 2014 19:00 (UTC+04:00)
Bəzi insanların köhnə və lazımsız əşya, geyim,
müxtəlif aksessuar, məişət avadanlıqlarını, hətta köhnə paketi belə
atmağa heyfi gəlir və onları yığıb saxlayır. Bu xəstəlik
silloqomaniya adlanır. Xəstəliyin ağır formasında insanlar evlərini
zibilliyə döndərirlər.
Psixoloq Elnurə
Bağırovanın sözlərinə görə, elə adamlar
var ki, çox qənaətcil olduğu üçün köhnə əşyaları ata bilmirlər:
"Bəziləri isə köhnə əşyalarla həyatının hansısa anını, dönəmini
bağladıqlarından həmin əşyalardan ayrıla bilmirlər. Belə adamlar
çox vaxt başqaları tərəfindən qınanılır. Belə ki, onlar lazımsız
əşyaları yığıb saxladıqları üçün dolabda yer qalmır. Ev lazımsız
əşyalarla dolur. Belə adamların yaxınları çox vaxt narazı olur və
köhnə əşyaları atmağı tələb edirlər. Lakin təkidlərə baxmayaraq,
onları yola gətirmək çətindir. Belə adamlar müxtəlif bəhanələr
taparaq köhnə əşyaları saxlayırlar. Çox vaxt da belə adamlar
deyirlər ki, "bu əşya mənə lazım ola bilər", "bundan hələ istifadə
edəcəyəm", "ata bilmərəm, heyfim gəlir", "bu əşya mənə gənclik
illərimi xatırladır" və s".
E.Bağırova bildirib ki, bu cür xüsusiyyət həm
cavanlara, həm də yaşlılara xasdır. Əsasən də qənaətcil adamlar bu
cür xüsusiyyətdən əziyyət çəkirlər. Onlar saxladıqları əşyaları heç
vaxt işlətməsələr də, onları atmağa heyfləri gəlir. Nəticədə evdə o
qədər əşyalar yığılır ki, səliqəni saxlamaq çətinləşir, sonda bu
xüsusiyyət xəstəlik dərəcəsinə çatır. Həmsöhbətimizə görə, bu cür
pis vərdişlə mübarizə aparmağa ilkin mərəhələdə başlamaq lazımdır.
"Bu xəstəliyin əlamətləri əvvəlcə özünü zəif göstərməyə başlayır.
Misal üçün, şəxs dəbdən çıxmış ayaqqabıları atmaq istəmir. Sonra
isə tədricən cırılmış, dabanı sınmış ayaqqabıları da atmaqdan
imtina edir. Ayaqqabı üçün nəzərdə tutulan dolabı tam köhnə
ayaqqabılarla dolsa belə onları atmır. Çox maraqlıdır ki, yeni
ayaqqabıları aldıqdan sonra da köhnə ayaqqabıları atmağa ehtiyac
duymur. Həmin ayaqqabıları geyməsə də, onları uzun müddət, bəzən də
bütün ömrü boyu saxlayır. Bəzi hallarda qənaətcil evdar xanımlar
qida məhsullarının qablarını, bankalarını da atmaq istəmirlər.
Onlar qablara baxaraq "təzə qabdır, bunu niyə atım ki?" düşünürlər.
Nəticədə mətbəx mebelində çoxlu sayda boş bankalara, qida
məhsulları qablarına rast gəlmək olur. Belə insanlarla yaşamaq çox
çətindir. Onlar evi bir növ köhnə əşyalar anbarına döndərirlər.
Dolablarında səliqə ilə düzülmüş dəbli və zövqlü qablar, stəkanlar
əvəzinə köhnə, sınıq qablara, bankalara rast
gəlirsən".
Qeyd edək ki, Amerika Həyat İnstitutunun həkimləri
bu cür xüsusiyyətdən əziyyət çəkən insanları müşahidə etmiş və
bunun xəstəlik olduğunu sübut edərək xəstəliyi silloqomaniya
adlandırıblar. Bu xəstəlikdən əziyyət çəkənlərdə əşyaları yığıb
saxlamaq patoloji formada özünü göstərir. Onlar saxladıqları
əşyalara qarşı çox ehtiyatla davranırlar. Bəzən ola bilər ki, onlar
saxladıqları əşyaların qablaşdırılmasını belə açmayıb, onu istifadə
etmədən təzə saxlayırlar. Silloqomaniyadan əziyyət çəkənlər nə
vaxtsa bu əşyaların çox lazım olacağını düşünərək saxlayırlar.
Silloqomaniya xəstəliyinə tutulanlar, hətta köhnə jurnal, qəzet və
ya paketi belə ata bilmirlər.
Alimlər belə qənaətə gəliblər ki, bu psixi pozuntu
güclü stress nəticəsində, məsələn, yaxın adamın ölümündən sonra
yarana bilər. Nəticədə beyində qərar vermə ilə bağlı olan
hissələrdə fəallıq azalır. Digər tərəfdən, bu xəstəliyin kökündə
müflisləşmək qorxusu da dayanır. Yığıcılıq xüsusiyyəti genetik
olaraq da keçə bilər. Bu xəstəlik nəsildən nəsilə də keçir.
Məsələn, çox vaxt da müharibə dövründə yaşayan valideynlər bu cür
davranışı qızına və ya oğluna keçirir. Amerikalı alimlər xəstəliyin
ağırlığını ölçmək üçün 1-dən 5-ə qədər şkala müəyyən edirlər.
Xəstəliyin son mərhələsində, insanlar evini zibilxanaya
döndərirlər. Onlar evə o qədər köhnə və lazımsız əşyalar yığırlar
ki, evdə özlərinə yaşamaq üçün, demək olar, yer qalmır. Evdə
tamamilə yer qalmayanda, belə adamlar küçədə və ya maşınlarında
gecələyirlər. Evi isə anbar kimi istifadə
edirlər.
Bağırova əlavə edib ki, adətən normal insanlar
işləməyən və yararsız texniki avadanlıqları atırlar.
Silloqomaniyadan əziyyət çəkənlərsə işləməyən, hətta çoxdan heç
kimin istifadə etmədiyi televizor, soyuducu, paltaryuyanın
modellərini saxlayırlar. Onlar o qədər köhnə əşya saxlayırlar ki,
gündəlik həyatları üçün lazım olan əşyaları tapa bilmirlər. Bəzən
çox geyimləri olsa belə, yalnız birini geyinir. Ona görə ki, o,
yığdığı əşyaları yadda saxlaya bilmir. Yeni əşyaları, geyimləri və
s. köhnə və lazımsızlarla qarışır. Silloqomaniyadan əziyyət çəkən
bir qrup insanlar hətta küçədən də əşya yığıb evə gətirməyə
başlayır. Bu cür adamlar tanıdığı insanların atmaq istədikləri
əşyaları belə götürüb saxlayırlar. Qəribəsi odur ki, onlar kiminsə
atmaq istədiyi əşyanı həvəslə götürür. Bu, xəstəlikdir və bunu
müalicə etmək lazımdır.
Psixoloq məsləhət görür ki, silloqomaniya
qurbanlarına yaxınları kömək edə bilərlər: "Yaxşı olar ki, onlar
həmin adamı lazımsız əşyaları atmağa məcbur etsinlər. Silloqomaniya
qurbanı özü isə anlamalıdır ki, lazımsız əşyaları atdıqda evdə boş
yer çoxalır. Köhnə əşyaları atdıqdan sonra evi səliqəyə salmaq daha
asan olacaq. Həm də nəzərə alın ki, həmin əşyaları istifadə
etməyəcəksiz. Onları atsanız və ya kiməsə versəniz, daha faydalı
olar. Özünüzə bir qayda qoyun: "Əgər bir əşya iki il istifadə
edilmirsə, onu atmaq lazımdır!" Bu qaydaya ciddi əməl edin. Eləcə
də yeni bir şey aldıqda köhnəsini atın".