Bankların qazancı azalacaq

18 Yanvar 2014 16:19 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarından iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsini dayandırmağı tələb edib. O da bildirilir ki, AMB ölkədə fəaliyyət göstərən banklara iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsinin dayandırılması barədə göstərişlə bağlı məktub göndərib. Qeyd olunur ki, müştərilərin maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməməsi bankların kredit portfelində riskli müştəri bazasının artmasına və sistem risklərinin akkumulyasiyasına səbəb ola bilər.

Ona görə də bu, gələcəkdə mümkün risklərin aradan qaldırılmasına yönəlmiş ilkin qabaqlayıcı tədbirlərdəndir.

Mərkəzi Bank xəbəri hələlik təsdiqləməsə də, iqtisadçılar qərarı problemli kreditlərin həcminin azaldılması istiqamətində atılan addım hesab edirlər. Ancaq kommersiya banklarının gəlirlərinin azalması və kredit faiz dərəclərinin artması istisna olunmur. İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, bu addım istehlak kreditləşməsini məhdudlaşdırmaqdır: "Səbəb odur ki, ölkədə istehlak kreditləşməsinin həcmi sürətlə artır. İl ərzində artım tempi 30-40% təşkil edir. Bu artım həm ümumi kredit qoyuluşunun, həm də biznes kreditlərinin artımını üstələyir. Artıq 2013-cü ilin dekabrın 1-i tarixində istehlak kreditinin həcmi 6 milyard manatı keçib. İstehlak kreditlərinin ümumi kreditlərdə payı 2010-cu ildə 30% idisə, hazırda bu göstərici 40%-ə çatıb. Bu templə 2014-cü ildə 50%-ə çatması da təəccüblü olmazdı. Bu kreditlərin adından göründüyü kimi, istehlak tələbatının ödənilməsi üçün istifadə edilir. İstehlak kreditləri iqtisadiyyatda əlavə təlabat yaratdığından bir qayda olaraq istehsalı stimullaşdırır. Ancaq bəzən istehlak kreditini ona görə götürürlər ki, Almaniya, Fransa, Yaponiya kimi ölkələrin istehsalı olan avtomobilləri, kompüterləri, televizorları, telefonları və s. alsınlar. Çünki ölkədə bu tip mallar istehsal olunmur. Banklarımız da onlardan asılı olan və olmayan səbəbdən yerli sahibkarlarımızı dirçəldəcək biznes kreditlərinə yox, xarici ölkələrdə sahibkarlığın inkişafına töhfə verə biləcək istehlak kreditlərinə üstünlük verməli olurlar. Nəticədə yerli istehsal vəsait qıtlığı səbəbindən sıradan çıxır. Əvəzində idxal stimullaşır. İstehlak kreditləri ev təsərrüfatlarının xərclərini artır və buna uyğun olaraq ÜDM artır. Ona görə də bütün səylər istehlak kreditləşməsinin məhdudlaşdırılmasına və bankların biznes layihələrini kreditləşdirilməsinə sövq etməyə yönəldilib".

Ekspert əlavə etdi ki, Mərkəzi Bankın son addımını daha çox preventiv tədbir kimi qiymətləndirmək olar: "Bu, yaxın dövr üçün müəyyən narahatçılıq yaratsa da, uzunmüddətli dövrdə öz bəhrəsini verəcək. Mərkəzi Bankın tədbirləri daha çox post-neft dövrü üçün bank sistemini qorumağa yönəlib".

Samir Əliyev bildirdi ki, yaxın dövrdə bank sektoru, xüsusən də istehlak kreditləşməsi üzrə ixtisaslaşan kiçik banklar (xüsusən də üzdə olan bir neçə bank) üçün böyük zərbə olacaq: "Kredit qoyuluşu, xüsusən də ev təsərrüfatlarının kreditləşməsi azalacaq. Kreditlərin faiz dərəcəsində artım müşahidə ediləcək. Əhalinin kreditə əlçatanlılığı azalacaq. İstehlak kreditlərində arayışların tətbiqi, istehlak kreditləri üzrə ixtisaslaşan və portfelinin az qala 80%-i bu kreditlərdən ibarət olan bankları çətin vəziyyətə qoyacaq. Bu banklar istehlak portfellərinin azalmaması üçün müxtəlif yollar axtarışında olacaqlar".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, hazırda ölkəmizdə problemli kreditlərin payı ümumi kreditlərin 6%-nə yaxındır: "Bank sektorunda problemli kreditlərin azaldılması istiqamətində müxtəlif variantlar həyata keçirilir. Mərkəzi Bank tərəfindən belə bir qərarın verilməsi bank sektorunda risklərin azaldılması ilə bağlıdır. Arayışsız kredit vermək bankların daha çox müştəri cəlb etməsi ilə bağlı idi. Bu isə risklərin artmasına gətirir. İndi atılacaq addım kiçik paya malik olan özəl bankların gəlirlərinin azalmasına gətirib çıxaracaq. Həm də, bu gün ölkəmizdə faiz dərəcələri yüksəkdir. Yəqin, qərarın əsasında bir sıra özəl banklar arayış kreditlərdən əldə etdikləri gəlirləri kompensasiya etmək üçün faizlərin artırılmasına cəhd edə bilərlər".