İran-Azərbaycan sərhəd-keçid məntəqəsində yeni giriş qapısı quraşdırılıb

18 Yanvar 2014 17:19 (UTC+04:00)

İranın Astara şəhərində Azərbaycanla sərhəddəki keçid məntəqəsində yeni giriş qapısı quraşdırıb. Movqe.az-ın "Səhər TV"yə istinadən verdiyi məlumata görə, 60 ildən çox keçmişi olan qapının yuxarı hissəsi köhnəldiyindən və hündürlüyünün az olması səbəbindən onun dəyişilməsi və təmir olunmasına ehtiyac yaranıb. Yeni giriş qapısının quraşdırılması əməliyyatı Gilan Terminallar və Nəqliyyat Baş İdarəsinin büdcəsindən ayrılmış 50 mln. tümən vəsaitlə gerçəkləşib. Köhnə qapının hündürlüyü 5,1 metr idisə, hazırda 6,6 metrə yüksəldilib, onun çəkisi isə 3 tondur.

Qapının hər iki tərəfində İran və Azərbaycan bayraqlarının simvolu quraşdırılıb. Eyni zamanda, qapının yuxarı hissəsində yük maşınlarının keçidinə nəzarət etmək üçün zəncirlər asılıb. Bununla da ağır tonnajlı yük maşınlarının keçid problemi həll olunub.