Şəhidlər Xiyabanında hazırlıq işləri yekunlaşıb
19 Yanvar 2014 23:04 (UTC+04:00)
20 yanvar faciəsinin 24-cü il dönümü ilə əlaqədar Şəhidlər
xiyabanında artıq hazırlıq işləri yekunlaşıb. Xiyabanın girişində
ağ və qırmızı qərənfillərdən ibarət kompozisiya da artıq hazırdır.
Gül kompozisiyaları həm Şəhidlər Xiyabanının girişində, həm də
xiyaban boyunca bir neçə yerdə quraşdırılıb. Xiyabanın girişində
qərənfillərdən ibarət 20 yanvar sözləri də yazılıb. Artıq bu gündən
Şəhidlər Xiyabanında insan axını müşahidə olunur. Sabahki günün
izdihamlı olacağının nəzərə alan valideynlər öz ailəsi və övladları
ilə bura üz tutublar. Gələnlər isə baş daşlarına al qərənfillər
düzür, şəhidlərin ruhuna dualar oxuyur, 20 yanvar qurbanlarını
yaxınları isə baş daşı şəkli üzərində hönkür-hönkür ağlayır.
Şəhidlərin ruhunu yad etmək üçün həm bölgələrdən, həm də xarici
ölkələrdən azərbaycanlılar gəlib. 20 yanvar günü Şəhidlər
Xiyabanına ziyarətə gələnlərin sayının çoxluğu nəzərə alınaraq
paytaxtın bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkətində
məhdudiyyətlər da qoyulacaq. Bakı Şəhər Dövlət Yol Polisi
idarəsindən verilən məlumata görə sabah saat 08: 00- dan mərasim
başa çatanadək Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat
vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.