Mən dünyanı necə başa düşürəm?
20 Yanvar 2014 13:50 (UTC+04:00)
Həyatın mənası
Insan həyatının və ya ümumilikdə üzvi həyatın mənası nədir? Bu
suala cavab dinə işarə edir. Onda soruşa bilərsiniz ki, bu sualı
verməyin bir mənası varmı? Cavab verirəm: öz həyatını və digər
insanların həyatını mənasız hesab edən şəxs, sadəcə bədbəxt deyil,
həm də həyat üçün yararsızdır.
Mən dünyanı necə başa düşürəm?
Biz fanilər çox qəribə biz vəziyyətdəyik. Hər birimiz burada
müvəqqəti qonağıq, dünyaya nə üçün gəldiyimizi bilmirik, bəzən isə
başa düşdüyümüzü zənn edirik. Çox dərinə getmədən gündəlik
həyatımızda başqaları üçün; birinci növbədə xoşbəxtliyimizin
üzlərindəki təbəssüm və gümrahlıqdan asılı olduğu insanlar üçün;
daha sonra isə, şəxsən tanımadığımız, amma talelərimizin sevgi ilə
bağlandığı insanlar üçün mövcud olduğumuzu bilirik. Daxili dünyamın
və xarici həyatımın ölü, yaxud diri, bütün digər insanların
əməyindən asılı olduğunu, aldığım və hələ də almaqda olduğum hər
şeyi eyni ölçüdə geri qaytarmalı olduğumu gündə yüz dəfə öz-özümə
xatırladıram. Mən olduqca sadə həyat tərzi sürürəm, lakin tez-tez
həmfanilərimin əməyini lüzumsuz istifadə etməyim fikri məni üzür.
Cəmiyyətdə sinfi fərqin ədalətsizlik olduğunu və bunun əksər
hallarda gücə əsaslandığını düşünürəm. Həm də əminəm ki, təvazökar
həyat tərzi fiziki və əqli baxımdan, hamı üçün daha yaxşıdır.
Mən ümumiyyətlə, insanın fəlsəfi mənada azadlığına inanmıram. Hər
kəs yalnız xarici təzyiqlərin deyil, həm də daxili zərurətin təsiri
altında hərəkət edir. Şopenhauerin "insan istədiyi hər şeyi edə
bilər, lakin o, hər şeyi istəyə bilməz" sözü gəncliyimdən bəri mənə
ilham vermişdir; həm öz həyatımdakı, həm də digərlərinin
həyatındakı çətinliklər qarşısında daima bir ovuntu və tükənməz
səbir mənbəyi olmuşdur. Bu düşüncə insanı asanlıqla iflic edə bilən
məsuliyyət hissini mərhəmətli şəkildə yüngülləşdirir, özümüzü və
digərlərini çox ciddi qəbul etməyimizin qarşısını alır və həyata
yumorla baxmağımıza imkan yaradır.
Insanın öz mövcudluğunun və ya hər hansı digər yaradılışın mənasını
və ya məqsədini sorğulaması ümumilikdə, obyektiv baxımdan həmişə
absurd görünüb mənə. Bununla yanaşı, hər kəsin səylərini və
mühakimələrini yönləndirən müəyyən idealları var. Bu mənada mən heç
vaxt rahatlıq və xoşbəxtliyə nəticə olaraq yanaşmamışam - belə bir
əxlaqi zəmin daha çox donuz sürüsünə yaraşır. Yolumu işıqlandıran
və mənə zaman-zaman həyatı sevinclə qarşılamaq cəsarəti verən
ideallar Həqiqət, Mərhəmət və Gözəllik olmuşdur.
Eyni düşüncəni paylaşdığım insanlarla həmrəy olduğumu hiss etməsəm,
incəsənətdə və elmi araşdırmalarda əlçatmaz olan məqsədə doğru
getməsəm, həyat mənə bomboş görünərdi. Insani səylərin bəsit
məqsədləri - mal-mülk əldəetmə, yalançı uğur qazanma, dəbdəbəli
yaşama - həmişə məni diksindirib.
Mənim güclü sosial ədalət və sosial məsuliyyət hissim həmişə digər
insanlar və cəmiyyətlərlə birbaşa təmasa olan ehtiyacım ilə qəribə
şəkildə ziddiyyət təşkil edib. Mən yalnız insanam - heç vaxt sözün
əsl mənasında ölkəmə, evimə, dostlarıma və hətta ən yaxın ailə
üzvlərimə ürəkdən bağlı olmamışam; həmişə bütün bu bağlara qarşı
soyuqluq və illər keçdikcə artan yalnız qalmaq ehtiyacı hiss
etmişəm. Insan digər insanlarla qarşılıqlı anlaşma və rəğbət
hissinin limitlərinin olduğunu təəssüflənmədən dərk edir. Şübhəsiz
ki, bu zaman o, öz sadəlövhlüyü və laqeydliyindən nələrisə itirir;
digər tərəfdən isə başqalarının fikirlərindən, mühakimələrindən və
vərdişlərindən asılı olmur və öz daxili balansını belə etibarsız
təmələ əsaslanmaqdan çəkindirir.
Mənim siyasi idealım demokratiyadır. Hər kəs bir fərd olaraq
hörmətlə qarşılanmalı, lakin heç kim bütləşdirilməməlidir.
Taleyin ironiyasıdır ki, mənim özüm insanlar tərəfindən hədsiz
heyranlıq və hörmətlə qarşılanıram. Bu nə mənim günahımdır, nə də
buna layiqəm. Bunun səbəbi yəqin ki, insanların cılız gücüm və
sonsuz mübarizəm nəticəsində əldə etdiyim bir neçə ideyanı başa
düşmək arzusudur.
Mən tamamilə əminəm ki, hər hansı təşkilatın məqsədlərinə çatması
üçün tək bir nəfərin düşünməsi, idarə etməsi və ümumilikdə öhdəlik
götürməsi lazımdır. Amma idarə edilənlər təzyiq altında
olmamalıdır. Insanlar öz liderlərini seçmək imkanına malik
olmalıdırlar. Mənim fikrimcə zor tətbiqinə əsaslanan avtokratik
sistem qısa müddətdə tənəzzülə uğrayır. Çünki güc, əxlaqı aşağı
olan insanları özünə cəlb edir. Mən əminəm ki, dahi tiranları
əclafların əvəz etməsi dəyişməz bir qaydadır. Bu səbəbdən də,
hazırda Italiya və Rusiyada gördüyümüz sistemlərə qarşı həmişə
müxalif olmuşam. Bugün Avropada demokratik idarəetmə formasının
gözdən düşməsinin səbəbi demokratiyanın ana ideyasında deyil,
hökumət başçılarının qeyri-stabilliyi və seçki sisteminin şəxsləri
ayrı-ayrı nəzərə almayan xarakterində axtarmaq lazımdır. Məncə, bu
baxımdan Amerika Birləşmiş Ştatları doğru yolu tapıb. Onlar uzun
müddət üçün seçilmiş məsuliyyətli prezidentə sahibdirlər və
prezidentin öz məsuliyyətlərini yerinə yetirmək üçün kifayət qədər
səlahiyyətləri var. Digər tərəfdən, bizim siyasi sistemimizdə
xəstəlik və ya ehtiyac anında fərdə qarşı nümayiş etdirilən qayğını
yüksək qiymətləndirirəm.
Insanlığın ehtişamında mənə görə doğrudan da dəyərli olan siyasi
dövlət deyil, yaradıcı və düşüncəli şəxs - şəxsiyyətdir; Alicənab
və əzəmətli olan odur, düşüncədə və hisslərdə küt olaraq qalan isə
sürüdür.
Bu mövzu məni sürü həyatını yaşayan insanların ən pis təzahüründən,
heç sevmədiyim hərbi sistemdən bəhs etməyə vadar edir. Əgər insan
orkestrin sədaları altında cərgə ilə marş etməkdən zövq alırsa, bu,
ondan zəhləm getməsi üçün kifayətdir. Ona baş beyin səhvən verilib;
ona lazım olan ancaq onurğa beynidir. Insan sivilizasiyasının bu
"taun ləkəsini" qısa zamanda aradan qaldırmaq lazımdır. Əmrə
əsaslanan qəhrəmanlıq, mənasız zorakılıq və vətənpərvərlik adlanan
bu iyrənc cəfəngiyat - bütün bunlara necə də nifrət edirəm!
Müharibə mənim üçün rəzil və çirkin bir işdir. Belə bir çirkinlikdə
iştirak etməkdənsə, parça-parça olmağı üstün tutaram. Bütün bunlara
baxmayaraq, insan soyu haqqında yüksək fikrə sahibəm və inanıram
ki, millətlərin sağlam düşüncəsi sənaye və siyasi dairələrin
maraqları tərəfindən məktəblər və mətbuat vasitəsilə sistemli
olaraq korlanmasaydı, bu kabus çoxdan yox olmuşdu.
Hiss edə biləcəyimiz ən gözəl təcrübə həyatın sirli tərəfidir. Bu
fundamental emosiyalar əsl incəsənətin və əsl elmin beşiyidir. Bunu
bilməyənlər - heyran olmaq və valeh olmaq bacarığını itirmişlər -
ölü kimidirlər və onların gözləri görmür. Həyatın sirləri ilə
qarşılaşma, qorxu hissi ilə qarışaraq dinləri yaratmışdır. Nüfuz
edə bilmədiyimiz nəyinsə mövcud olduğunu bilmək, dərində olan
səbəbləri və parlaq gözəlliyi ən ibtidai şəkildə də olsa, qavrama
cəhdlərimiz - məhz bu biliklər və bu emosiyalar əsl dini yaradır.
Bu mənada və yalnız bu mənada mən dindaram. Mən öz yaratdıqlarını
mükafatlandıran və cəzalandıran və ya bizim malik olduğumuz iradə
ilə eyni iradəyə malik bir Tanrını təsəvvür edə bilmirəm. Fiziki
ölümdən sonra həyatı da başa düşmürəm və başa düşmək istəmirəm; bu
anlayışlar yalnız qorxmuş və zəif insanların absurd eqoizminə
xasdır. Mən həyatın sonsuzluğundakı sirr və kainatın möcüzəli
strukturunun dərk edilməsi - təbiətdə özünü büruzə verən Səbəbin
hətta cüzi bir hissəsinin başa düşülməsinə edilən cəhd ilə
kifayətlənirəm.