Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla sərhədlərin açılması mümkünsüzdür

23 Noyabr 2011 20:08 (UTC+04:00)

Dünən xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beynəlxalq Əlaqələr Komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Volkan Bozkırın Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 2012 - 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrikini çatdırıb.

Volkan Bozkırın Azərbaycan kimi gənc bir dövlətin bu mötəbər quruma seçilməsindən fərəh hissi keçirdiyini söyləyib. Elmar Məmmədyarov isə Volkan Bozkıra təbriklərə görə təşəkkürünü bildirib və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü müddətində qlobal və regional məsələlərin həllində effektiv və yaxından iştirak edəcəyinə əmin olduğunu vurğulayıb. Elmar Məmmədyarov görüşdə Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumu barədə məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxarılmasının və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruri olduğunu vurğulayıb. Volkan Bozkır münaqişənin tezliklə həll olunacağına ümid bəslədiyini dilə gətirib. O, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünsüzlüyünü və protokolların TBMM-də ratifikasiya olunmayacağını qeyd edib.

Görüşdə regionda baş verən hadisələr və qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.