Xaricə övladlığa verilən uşaqlara nəzarət mexanizmi gücləndiriləcək-Eksklüziv

21 Yanvar 2014 11:07 (UTC+04:00)
Azərbaycandan xaricə övladlığa verilən uşaqlara nəzarət mexanizmi daha da gücləndiriləcək. Movqe.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xarici vətəndaşlara uşaqların övladlığa verilməsindən sonrakı həyat şəraitlərinə, tərbiyyəsinə nəzarətin həyata keçirilməsi  haqqında qaydalar layihəsi işlənib hazırlanır. Bu barədə Movqe.az-a danışan  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkələrarası övladlığa götürülmə sektorunun müdiri Seymur Məmmədov  bildirib ki, əgər dəyişiklik baş tutsa xaricə övladlığa verilən uşaqlarla bağlı hesabatlar zərurət yarandıqda Komitə tərəfindən  3 ildən daha artıq müddətdə də tələb oluna bilər: "Hazırki qaydalara görə, xarici vətəndaşlara övladlığa verilən uşaqlarla bağlı məhkəmənin qərarı qüvvəyə mindiyi gündən ildə iki dəfə, 6 aydan bir məlumat verilməlidir. Həmin məlumatda övladlığa götürülən uşaqla davranış, onun inkişafı, təhsili ilə bağlı məlumatlar təqdim edilir. Həmin hesabata uşağın şəkli və görüntüsünü əks etdirən video kaset də əlavə olunur. Amma sözügedən qaydalar layihəsi işlənib hazırlandıqdan sonra Komitənin səlahiyyəti olacaq ki, zərurət yarandıqda xaricə övladlığa verilən uşaqla bağlı 3 yaşdan sonrakı müddətdə də məlumat tələb etsin".