Əsas vergi yükü yenə Bakının üzərindədir

21 Yanvar 2014 15:31 (UTC+04:00)

Aparılan araşdırmalar göstərir ki, ötən il yaradılan yeni müəssisələrin 54,5 faizi Bakıda qeydə alınıb. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda qeydiyyata alınıb. Bütün bunlar isə yenə əsas vergi yükünün paytaxt üzərində olduğunu göstərir. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev Mövqe.az saytına verdiyi açıqlamada məsələyə  belə münasibət bildirdi: "Hökümətin yeritdiyi siyasətə nəzər yetirsək,  görərik ki, bu gün daha çox regionlarda iş yerlərinin açılmasına cəhd göstərilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı artıq iki proqram həyata keçirilib. Növbəti proqramın işlənməsinə də hazırlaşılır. Hətta müəyyən bir dövr, bölgələrdə geniş miqyasda bank sektorunun, bank istehlakının yaradılmasına sahəsində də işlər görüldü. Yəni, regionlarda da dövlət büdcəsi hesabına  iqtisadi inkişaf gücləndirilir, müxtəlif tikinti və abadlıq işləri aparılır və eyni zamanda sahibkarlığın inkişafına dair tədbirlər də həyata keçirilir. Amma fermerlər hələ də bir sıra ciddi problemlərlə qarşılaşırlar. Məsələn, onlar geniş dövriyyəyə malik deyillər. Öz məhsullarını vaxtı-vaxtında sata bilmirlər. Bu gün regionlarda emal müəssisələrinin sayı hələ də azdır. Bunun müqabilində isə, ölkədə iqtisadi fəallıq daha çox Abşeron rayonunda, Bakı-Sumqayıt ərazisində diqqəti cəlb edir. Sənaye texnologiyalarının əksər hissəsi burada cəmləşib. Təbii ki, bir tərəfdən böyük maaliyyənin Bakıda cəmlənməsi, ikincisi, bacarıqlı kadrların, texnologiyanın burda olması və s. bu kimi amillərlə bağlı olaraq da iş yerlərinin çoxu paytaxtda yaranır. Regionların sosial-iqtisadi inkşafı proqramının çərçivəsində yerlərdə sahibkarlığın inkişafı istiqamətində addımlar atılır. Lakin bu prosesin daha da sürətlənməsinə ehtiyac var". 

Regionların iqtisadi inkişafı üçün nəzərdə tutulan tədbirlərin kompleks şəkildə həyata keçirilməsinin vacibliyinə diqqət çəkən iqtisadçı-ekspert Natiq Cəfərli isə qeyd edir: "Bu gün regionlarda çalışanlar üçün vergi güzəştləri də tətbiq edilir. Bununla belə  infrastruktur, xidmət və digər sektorların Bakıda daha effektiv fəaliyyət göstərməsi nəticəsində yeni müəssisələr daha çox burada yaradılır. Düzdür, dövlət son 10 ildə külli miqdarda vəsait ayırıb ki, regionlarda iqtisadiyyat ciddi şəkildə inkişaf etsin, yeni iş yerləri yaradılsın.  Müəyyən nəticələr də var, lakin bu, yetrəli deyil. Müvafiq  tədbirlər kompleks şəkildə həyata keçirilməlidir". 

Ekspert burada ciddi nəzarət mexanizminə ehtiyac olduğunu, regionlarda sahibkarlığın, biznesin inkişafı üçün yeni stimullaşdırıcı tədbirlərin görülməli olduğunu söylədi: "Regionlarda istehsalatla, xidmət sahələri ilə məşğul olan biznes və iş adamlarına çox aşağı faizli kreditlərin verilməsinə də nail olmaq lazımdır. Bütün bunlar kompleks şəkildə həyata keçirilsə, düşünürəm ki, yaxın 1-2 ildə bu sahədə dönüş ola bilər və regionlarda daha çox iş yerlərinin açılmasına nail olmaq olar".