Daha bir körpə ölümü
21 Yanvar 2014 18:32 (UTC+04:00)
Ötən həftə Lənkəranda hamilə qadının qeysəriyyə əməliyyatı ilə
dünyaya gətirdiyi körpə elə doğulan kimi də ölüb. Bununlada doğuş
zamanı uşaq ölümü mövzusu yenidən gündəmə gəldi. Çəkisi 2 kq 600
qram olan uşağın ölümünə səbəb kimi isə uşağın ciftdən vaxtından
qabaq ayrılması olub. Əslində doğuş zamanı körpə ölümü tək bu kimi
hallarda baş vermir. Ananın orqanizmində olan müxtəlif xəstəliklər
və həkimlərin səhlənkarlığı da uşaq ölümlərinə yol açan əsas
səbəblər kimi də göstərilir. Doğulan uşağın çəkisinin az və ya çox
olması da bəzən ölümlə nəticələnir. Dövlət Statistika Komitəsindən
verilən məlumata görə, təkcə 2013-cü ildə 172,6 min körpə doğulub
ki, onlardan 1800-ü ölüb. Ölüm faktları paytaxtla müqayisədə əsasən
bölgələrdə daha çox qeydə alınır. Ginekoloq Gülnara Sultanova uşaq
ölümlərində çətin doğuş prosesinin də az rolu olmadığını deyir .
Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsindən isə
bildirilir ki, uşaq ölümlərinə səbəb bəzən valideyn
səhlənkarlığıdır. Çünki vaxtında tibbi müayinədən keçməmə, lazımı
dərman preparatlardan və vitaminlərdən istifadə edilməməsi sonda
xoşagəlməz halla nəticələnir. Komitənin apardığı araşdırmalarsa onu
göstərir ki, uşaq ölümü faktı əvvəlki illərə nisbətən azalıb. Hər
halda uşaq ölümü kimi faktların meydana çıxmamasında valideynlər
kimi həkimlər də məsuliyyətli olmalıdır. Az eşitmişik həkim
səhlənkarlığı ucbatından ana və körpənin ölümü xəbərini, həkimlərin
məsuliyyətə cəlb edilərək cəzalandırılmasını? Odur ki, istər ana
hələ körpəsi bətnində olanda, istər də doğuşu qəbul edən həkim
diqqətli olmalıdır. Çünki sonda xırda bir səhv belə ölümlə
nəticələnir. İnsan həyatını isə bir səhvə qurban vermək sadəcə
günahdır.