Tikinti sektorundan ekologiyaya gələn böyük zərər

22 Yanvar 2014 07:31 (UTC+04:00)

Mətanət Avazova: "Ekologiyanın pozulmasında 18-20 faiz həcmində stasionar mənbələr də "rol" oynayır"

Azərbaycanda avtomobillərin sayının artması, eyni zamanda ekoloji tarazlığa da təsirsiz ötüşmür. Onların atmosferə buraxdığı qazlar ətraf mühitin çirklənməsinə əsaslı dərəcədə təsir edir. Mütəxəssislərin rəyinə görə, ölkəmizdə ətraf mühitin korlanmasında nəqliyyat vasitələrinin xüsusi çəkisi daha böyükdür. Amma məlumdur ki, avtomobillərlə yanaşı, digər amillər də ekoloji tarazlığın pozulmasına təsir göstərir. Bu mənada həmin digər amillərin hansılar olduğunu aydınlaşdırmaq üçün ekspertlərə müraciət etdik.

Müstəqil ekoloq Samir İsayev bildirdi ki, şəhərsalma prosesinin plana uyğun aparılmaması da ekoloji tarazlığın pozulmasına rəvac verən amillər sırasındadır: "Ölkəmizdə, xüsusən də şəhərlərdə ətraf mühitin çirklənməsində sözsüz ki, avtomobillərin "rolu" böyükdür. Bu, danılmaz faktdır. Hazırda avtomobil nəqliyyatında ekoloji standartlara keçid məsələsi həll olunur. Buna baxmayaraq, bir sıra digər amillər də var ki, ölkənin ekoloji baxımdan çirklənməsinə müəyyən dərəcədə təsir göstərir. Bakı şəhərində şəhərsalma prosesinin ətraf mühitə təsiri çox ciddidir. İlk növbədə şəhərsalma prosesində planlaşmadan uzaqlaşma tendensiyası müşahidə olunur. Bakı şəhərinin quruluşu elədir ki, o amfiteatr formasında yerləşən Abşeron yarımadasının bir hissəsidir. Bu səbəbdən paytaxtın olduğu yer hava axınları üçün bağlı ərazidir. Daha doğrusu, dənizdən gələn hava axınlarına bağlıdır. Qədim zamanlarda şəhərin planlanmasının quruluşu və İcəri şəhərdə binalar elə tikilmişdi ki, dənizdən gələn külək hərəkət edə bilsin və bununla şəhəri daim təmiz hava ilə təchiz etsin. Amma təəssüf ki, hazırda şəhərsalma prosesindəki problemlər, binaların həddən artıq hündür olması ilə bütöv bir yaşayış massivinin qarşısı küləklə təchiz olunmaqdan məhrum olub. Şəhərsalma ilə bağlı olaraq buradakı yaşıllıqların qırılması da ekoloji tarazlığın pozulnmasına gətirib çıxaran amillərdəndir. Geniş oksigen kütləsi gətirmək gücündə olan ağacların sayı paytaxtda hələdə azdır. Əvəzində, şəhər ətrafında geniş yaşıllıq zolaqları salınıb. Bu uğurlu bir addımdır və onu dəstəkləmək lazımdır. Lakin şəhər mərkəzində ağacların kəsilməsi heç nə ilə kompensasiya edilə bilməz. Şəhər mərkəzi daha çox dərəcədə yaşıllığa qərq olmalıdır ki, avtomobillərdən çıxan qazlar yaşıllıq hesabına təmizlənsin. Şəhərdə nizamsız tikililərin aparılması da ekoloji tarazlığın pozulmasına təsir edən məqamlardandır. Şəhərdə çoxmərtəbəli binaların tikintisi zamanı tozdan mühafizə sistemi kifayət qədər təkmil qurulmayıb. Bəzi binalarda formal olaraq tozdan qorunmaq üçün xüsusi bir təbəqə quraşdırılır. Əksər tikilən binalarda isə buna da əməl olunmur. Bakıda binaların divarlarının qaşınması prosesi də çirklənmə prosesində "rol" oynayır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mətanət Avazova düşünür ki, ölkəmizdə çirkləmməyə rəvac verəm amillər arasında ikinci yeri stasionar mənbələr tutur: "Ölkəmizdə ekologiyanın korlanmasında avtomobillərdən sonra tikinti sektoru, stasionar mənbələr, yəni müəssisələr, həcmindən asılı olmayaraq fəaliyyət göstərən, tikinti materialları istehsal edən müəssisələr də azdan-çoxdan öz sözünü deyir. Statistik məlumatlara görə,nəqliyyat vasitəsilə atmosferə tullantılar 70 faiz təşkil edir. Ekologiyanın pozulmasında 18-20 faiz həcmində isə staionar mənbələr "rol" oynayır. Yerdə qalan çirklənmə faizi isə digər müəssisələrin payına düşür".

Ekoloq Telman Zeynalov çirklənmədə yaşıllıqların məhv edilməsinin də xüsusi çəkisinin olduğunu dedi: "Bakı şəhərinin çirklənməsinin əsas səbəbi nəqliyyat vasitələri ilə bağlıdır. Bundan başqa, istifadə olunan yanacaq növlərinin keyfiyyətli olmaması da ekologiyanın pozulmasına təsirini göstərir. Yaşıllıqların məhvi, meşələrin qırılması da iqlimin korlanmasına gətirib çıxarır. Həmçinin, yeni tikililər də burada mənfi mənada öz sözünü deyir. Bakı şəhərinin genişlənməsi fonunda burada çoxsaylı tikililər inşa edilir. Bu zaman da əksər hallarda ekoloji tarazlığın qorunmasına əməl olunmur. Bütün bunlarla bağlı olaraq ətraf mühitə getdikcə daha çox ziyan vurulur".