Azərbaycanda vergi ödəyicilərinə şad xəbər

22 Yanvar 2014 15:45 (UTC+04:00)

Azərbaycan Vergilər Nazirliyi ölkədə vergi ödəyicilərinin vergi borclarının azalması üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək niyyətindədir.

Bunu Vergilər Nazirliyi Vergi borclarının alınması işinin təşkili İdarəsinin rəisi Zeynalabdin Məmmədzadə bildirib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi ilə bağlı vergi orqanına müraciət etmək hüququ var: "Həmin hüquqdan istifadə etməklə vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər. Digər qanunvericilik aktlarında da vergi borclarının azalmasına münasibətdə stimullaşdırıcı tədbirlər nəzərdə tutulub. Belə ki, Cinayət  Məcəlləsinin 213-cü maddəsinin qeyd hissəsinin tələblərinə əsasən, cinayət tərkibi yaratmış vergi borcu ilə əlaqədar əməl ilk dəfə törədilərsə və cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənilərsə, vergi ödəyicisi cinayət məsuliyyətindən azad oluna bilər".

 

Z.Məmmədzadə bildirib ki, beynəlxalq təcrübədə də bir çox stimullaşdırıcı tədbirlər mövcuddur: "Məsələn, ABŞ-ın təcrübəsində vergi ödəyicisi vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi barədə vergi orqanına müraciət etməklə yanaşı, vergi öhdəliyini qrafik əsasında bərabər hissələrə bölünməklə ödəmək hüququna malikdir. Latviyada borclu vergi ödəyicilərinə xüsusi dəstək proqramı çərçivəsində vergi borcunun 10%-ni ödəyən vergi ödəyicilərinin qalan borclarına görə onlara 60 ayadək müddətə möhlətin verilməsi və bu müddətdə faiz hesablanmasının dayandırılması nəzərdə tutulur".

 

Nazirlik rəsmisi vurğulayıb ki, hazırda vergi borclarının azalması üçün stimullaşdırıcı tədbirlərin siyahısını genişləndirmək məqsədilə mövcud beynəlxalq təcrübə nəzərdən keçirilir: "Ola bilsin ki, gələcəkdə bununla bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilməsi təklif olunsun".