Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiası üzrə keçirilən prosesdə hər iki tərəfin vəkilləri çıxış edib - YENİLƏNİB

22 Yanvar 2014 16:49 (UTC+04:00)

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatasının iclasında azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiası üzrə keçirilən məhkəmə prosesində hər iki tərəfin vəkilləri çıxış edib.

 

APA-nın Avropa müxbiri məhkəmədən xəbər verir ki, Ermənistanın vəkilləri iddiada cavabdeh tərəf kimi Ermənistan dövlətinin göstərilməsi ilə razılaşmadıqlarını deyiblər.

 

Onlar bildiriblər ki, "Dağlıq Qarabağ Respublikası" tanınmamış olsa belə, özünün məhkəmə sistemi, dövlət qurumları var və iddia da "Dağlıq Qarabağ"a qarşı qaldırılmalıdır.

 

Vəkillər sübut etməyə çalışıblar ki, Ermənistanın "Dağlıq Qarabağ"la yeganə bağlılığı orada yaşayanlara bu ölkənin pasportunun verilməsindən ibarətdir. Bu isə onlara xaricə çıxış üçün şərait yaratmaq məqsədilə edilir.

 

Azərbaycanlı məcburi köçkünlərin iddialarını müdafiə edən vəkillər Malkom Şou, Urdaneta Vitek, Qabriel Lanski və Hannes Tretter isə bildiriblər ki, işğal altında olan Dağlıq Qarabağa və ətraf rayonlara faktiki olaraq Ermənistan nəzarət edir. Ermənistanın işğalçı olması, separatçı "Dağlıq Qarabağ" rejimi ilə işbirliyi barədə də sübutlar gətirilib.

 

Hər iki tərəfin vəkilləri hakimlərin suallarını cavablandırıblar.

 

Prosesdə fasilə elan olunub.