Fuad Muradov: “Avropa İttifaqı ilə əməkdaşlıq strateji xarakter daşıyır”

22 Yanvar 2014 19:15 (UTC+04:00)

"Ölkəmizin bu mötəbər qurumla əlaqələri dinamikdir və qarşlıqlı etimada söykənir". Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin üzvü Fuad Muradov Azərbaycanla Avropa Birliyi arasında münasibətləri şərh edərkən bildirib. Onun sözlərinə görə, 2006-cı ilin noyabr ayında Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozunun Brüsseldə imzaladığı "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirib və bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün əsas sahələri müəyyən edib: "Avropa Birliyi ilə ötən il Vilnüsdə imzalanmış viza rejiminin sadələşdirilməsi ilə bağlı imzalanan sənəd strateji saziş layihəsi hesab oluna bilər. Ötən ilin dekabr ayında Bakıda imzalanmış "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi isə Azərbaycanı və Xəzər dənizi regionunda qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən "Cənub qaz dəhlizi"ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Prezident İlham Əliyev tərəfindən aparılan bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasındadır. Avropada bu siyasətin miqyasını anlayırlar", - deyə F.Muradov bildirb. Deputat qeyd edib ki, bununla yanaşı Avropa təşkilatlarında məsələlərə xüsusi yanaşma tərzinin mövcudluğu da faktdır. Həmin təşkilatlarda böyük ölkələrin öz maraqları var. "Biz bunları nəzərə alırıq. Bəzən hansısa bir dövlətin Azərbaycana təzyiqlə bağlı müxtəlif səbəbləri göstərərək bu "sıxma"dan istifadə edir. Bəzən müəyyən beynəlxalq təşkilatda Azərbaycan əleyhinə sənəd qəbul olunur. Amma bu, o demək deyil ki, bu, bütövlükdə həmin təşkilatın özünün mövqeyidir". F.Muradovun sözlərinə görə, beynəlxalq təşkilatlarda ölkəmizə qarşı işləyən qruplar mövcuddur. "Bu,danılmaz faktdır. Ermənistan özünü diaspor şəbəkəsindən istifadə edərək buna əl atır. Öz hamilərinin dəstəyi ilə diaspra bəzən müəyyən anti-Azərbaycan işlərini apara bilirlər. Amma biz cavablarını da layiqincə veririk. Biz bunu nəzərə almaqla bərabər işimiz də davam etdirməliyik". "Şahdəniz-2" sazişi və rəsmi Bakının mövqeyi onu göstərir ki, biz əməkdaşlığa hazırıq. Ancaq biz "ikili standartlar" prinsipi ilə deyil, ədalətli yanaşma şərtləri altında əməkdaşlıq etməliyik. Biz bu istiqamətdə öz işimizi qurmuşuq"-deyə F.Muradov vurğulayıb.