Palçığa boyanan yollar

22 Yanvar 2014 18:22 (UTC+04:00)

Bu günlərdə ölkə əraizisinə yağan yağış, yenə də özüylə bərabər paytaxt sakinlərinə müəyyən problemlər gətirdi. Belə problemlərdən biri də  yağış yağan kimi istər bir çox yollar, əsasən də Bakıətrafı yollar palçığa, çirkaba qərq olur. Artıq illərdir ki davam edən bu problem hələ də öz həllini tapa bilmir.

Şəhərdə kanalizasiya xətlərinin düzgün qurulmaması səbəbindən yolların bəzən çirkli sulara qərq olduğunu deyən memar Emil Axundov şəhərin İcra Hakimiyyəti rəhbərliyinin bu işə xüsusi diqqətinə, qayğısına ehtiyac olduğunu bildirdi: "Sovet hakimiyyəti illərində yolların kənarında paralel olaraq kanalizasiya xətləri quraşdırılmışdı. Burdan yollardakı yağış və qar suları axıdılırdı. Eyni zamanda əvvəllər Bakıda yollar hər səhər saat 6-da və axşam saat 7-də xüsusi maşınlarla yuyulur, çirkli su da bu xətlərlə axıdılırdı. Ələxsus yayda asfalt qızdığından, maşınlar yolları yuyurdular. O sular xüsusi kanalizasiya xətləri ilə axıdılır, yollarda qalmırdı.  

Son  15-20 ildə yolları asfaltlayarkən bu xətlərin bəziləri asfaltın altında qaldı. Nəticədə də, yağan yağış və qar suları axıdıla bilmədiyindən, alfaltın üzərində toplanır. Bu saat Bakıda kanalizasiya xətləri çox az saydadır. Onların da qalxan toz-torpağın yağış suları ilə qarışıb yaratdığı palçığı təmizləməyə gücü çatmır. 2-3 gündən sonra bu çirkab sular quruyanda isə şəhərdə tozanaq əmələ gəlir. O da həm uşaqların, həm yaşlıların orqanizminə birbaşa olaraq orqanizminə mənfi təsir göstərir. Toz birbaşa nəfəsizimizə gedir. Ona görə də, indi şəhərdə bir dənə də qırmızıyanaq uşaq görmək mümkün deyil. Bundan başqa, ikinci zərər asfalta dəyir. Bu sular çartlaqlarla asfaltın altına gedir. Qışda da şaxta vuran kimi, asfalt şişir, çatlayır və qopur. Yayda da başlayırlar yolları yenidən asfaltlamağa. Bundan başqa, şəhərin bəzi yuxarı əraziləri tozanaq içindədir. Yağış yağan kimi də tozlar palçığa çevrilir. O ərazilərdən gələn avtomobillər də bir tərəfdən mərkəzi yollara çirk gətirir. 

Bundan çıxış yolu odur ki, gərək şəhərin İcra Hakimiyyəti rəhbərliyi   bu işin üzərinə ciddi düşsün. Burda 4 milyona yaxın sakin və qonaq yaşayır. Xüsusi layihə hazırlanmalıdır. Təzə layihə ilə bütün şəhərin coğrafi strukturunu nəzərə alaraq kanalizasiya sistemi qurulmalıdır. Bu həyata keçirilməsə, yenə də Bayıl yamacı, Badamdar qəsəbəsi kimi sürüşkən ərazilər təhlükə altında olacaq və yollardakı bu acınacaqlı vəziyyət davam edəcək". 

Memar Zemfira Budaqova isə problemin bəzi yolların düzgün qurulmaması olduğunu bildirir: "Yollar elə salınmalıdır ki, asfaltın orta hissəsi hündür, kənar hissələri isə, alçaqda olsun. Yağıntılardan yolda toplanan su yolun qıraqları ilə, səki ilə sürüşüb getməlidir. Həm də düz yoldursa, məsələn, Sumqayıt yolu kimi, yol mütləq ortasından qaldırılmalıdır ki, yol ayırıcılarından da su keçib gedə bilsin. Yol ayırıcılarının hamısında da yeraltı kanallar olmalıdır. Su gedib ya çaylara, ya da təmizləndikdən sonra dənizə tökülməlidir. Bakıda əvvəllər belə sistem var idi. Amma indi hamısını bağlayıb məişət kanalizasiyası ediblər. Küçənin sularını axıtmaq üçün xüsusi kanalizasiyalar olmalıdır".