Saxta qızıllar yenə bazarları bürüyüb

23 Yanvar 2014 07:42 (UTC+04:00)

Keçirilən son reydlər göstərir ki, hələlik qiymətli metallar bazarı saxta məhsullardan tam sığortalana bilməyib. Elə Maliyyə Nazirliyinin son açıqlması da bunu deməyə əsas verir.

Nazirliyin məlumatına görə, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanuna uyğun olaraq 2013-cü ildə sahibkarlıq müəssisələrində 48 yoxlama aparılıb və ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 26994 ədəd məmulat yoxlanılıb. Həmin məmulatların üzərində saxta ad və əyar damğalarının izləri təmizlənib və onlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə isə 43 qərar çıxarılıb. Ümumilikdə 36 min 600 manat məbləğində inzibati cərimə tətbiq edilib. Saxta qızıl və əyarı düzgün qeyd olunmayan qızıl məmulatlarının isə daha çox kiçik sahibkarlıq subyektlərində aşkarlandığı deyilir. Bazarda belə məhsulların olmasının əsas səbəbi hələ də ölkədə qeyri-rəsmi fəaliyyət göstərən qızıl sexlərinin olmasıdır.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, bütün hallarda Dövlət Xidməti saxta qızılların satışdan yığışdırılması üçün mübarizəni gücləndirməlidir. Həm də ölkə qanunvericiliyi əsasında Nazirlər Kabinetinin müəyyənləşdirdiyi siyahıya görə, qızıl və qızıl məmulatları alındıqdan sonra geri qaytarıla bilməz. Düşünürəm ki, bu qərarın dəyişdirililməlidir. Bu, alıcıların istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır. Satıcı bilir ki, mal keyfiyyətsiz olsa belə, alıcının onu qaytarmaq imkanı yoxdur. Saxta qızılın aşkar edilməsində vətəndaşalar da diqqətli olmalıdırlar. Bazarda saxta qızıl probleminin aradan qaldırılması üçün qızıl bazarına nəzarət edən orqan olaraq Əyarlıq Xidməti alqı-satqı həyata keçirilən iri marketlərdə xüsusi məntəqələr quraşdırmalıdır. Qızıl alqı-satqısı Bakıda çox az yerlərdə təşkil olunub. Həmin məntəqələr pulsuz olaraq vətəndaşlara xidmət göstərməlidirlər. Vətəndaş qızıl alan zaman artıq həmin məntəqəyə müraciət edə bilər. Onun təqdim etdiyi qızılın saxta olub-olmadığı yoxlandıqdan sona ala bilər. Bu, vətəndaşın düzgün seçim etməsinə şərait yaradcaq. Eyni zamanda, saxta qızılın dövriyyədən çıxarılmasına nəzarət edən qurumlar onu yerindəcə aşkar edib dövriyyədən çıxarılmasına nail ola bilərlər. Bu zaman həm də iş adamları saxta qızılın satılmasında xeyli ehtiyatlı davranacaqlar. Hansı ki, Rusiyaada belə məntəqələr var".

Ekspertin fikrincə, saxta qızıl satışı ilə mübarizdə cərimələrin ağırlaşdırılması, lisenziya şərtlərinin sərtləşdirilməsi də vacibdir: "İndiki halda, yəni belə məntəqələrin formalaşmadığı, cərimələrin nisbətən yüngül olduğu halda vətəndaşlar çalışmalıdırlar ki, aldıqları qızılı başqa qızıl satan obyektlərdə yoxlatsınlar. Çünki, ilk baxışda saxta və saxta olmayan qızılı ayırd etmək çox çətindir".

Millət vəkili Əli Məsimli isə ölkəyə saxta zərgərlik məmulatlarının gətirilməsinin qarşısını almaq üçün qanundan çıxış edərək nəzarəti gücləndirməyi vacib sayıb: "Qanunun icra mexanizminə baxıb yenidən işləmək lazımdır. Nəzarət mexanizminin effektivliyini artırmaq lazımdır. Azərbaycan özünün qızıl istehsalını bərpa etməlidir ki, həm saxta yararsız malların qarşısı alınsın, həm də yeni iş yerləri olar".