Mağazalarda qəpik soyğunçuluğu

23 Yanvar 2014 07:54 (UTC+04:00)

Bir sıra satış məntəqələrində qiymətlərin yuvarlaqlaşdırılmış şəkildə olmaması hallarına yolunu marketlərdən salanların böyük əksəriyyəti rast gəlib. Məsələn, məişətdə istifadə olunan hansısa məhsulun qiyməti 1 manat 67 qəpik olaraq göstərilir. Eyni sözləri qida məhsulları barədə də demək mümkündür.

Bütün bunlar işlənmə dövriyyəsi getdikcə azalan xırda pullara əslində, nə dərəcədə böyük ehtiyac olduğunu aydın surətdə nümayiş etdirir.

Özü də o da faktdır ki, belə qiymətlər insanlar üçün daha cəlbedici olur. 1-2 qəpiyin yaratdığı fərq "ucuzdur" deyə, insanları mal almağa həvəsləndirir. Satıcılar isə bir sıra satış məntəqlərində yazılan qiymətə baxmayaraq, əksər vaxtlarda pulun qalığını qaytarmırlar. Alıcı isə qalıq kimi qalan xırda pula, məsələn deyək ki, 3 qəpiyin ona ödnəilməsini tələb etməyərək, aldığı məhsulu götürüb getməyə üstünlük verir. Yəni burada bəzi vətəndaşlar laqeyd münasibət göstərərək qalıq pullarını tələb etmirlər. Mütəxəssislər cəmiyyətdə formalaşan bu münasibəti arzuolunmaz hesab edirlər. Hər kəsi ən xırda qəpiyinə belə biganə olmamağa çağırırlar. Digər tərəfdən, nəzərə alınsa ki, 1 qəpik, 3 qəpik kimi əhəmiyyətsiz hesab etdiyimiz xırda pullar toplandıqda böyük məbləğə çevrilir. Hətta, alış-verişin yüksək olduğu marketlərdə bu məbləğ gün ərzində 40-50 manata və daha yuxarı həddə kimi yüksələ bilir. Bunu market sahibləri də, satıcılar da yaxşı bilirlər. Elə bu səbəbdən onlardan bəziləri bilərəkdən xırda qəpikləri kassada alıcıya qaytarmırlar. Çünki bu, ay ərzində kifayət qədər böyük məbləğə çevrilir.

Qeyd edək ki, elə supermarketlər də olur ki, burada hansısa məhsulun qiyməti deyək ki, 98 qəpik göstərilir. Satıcıya alınan bu məhsul üçün 1 manat təqdim etdikdə bildirir ki, qalan iki qəpiyi qaytarmaq üçün xırda pullar, yəni 1 qəpikliklər yoxdur. Alıcı da məcburən həmin məhsul üçün reallıqda 1 manat ödəmək məcburiyyətində qalır. Beləliklə, aydın olur ki, əksər vaxtlarda alıcılara qalıq xırda qəpiklər qaytarılmır.

Belə mağazaların xırda qəpiklərdən qazanc götürməsini qanunsuz hesab edən ekspertlər də bildirir ki, bu qəpiklərlə bağlı taktika bir sıra iri mağazalarda işləkdir. Yəni kiçik mağazalarda mallara qiymətlər yuvarlaq qoyulur. Böyük mağazalarda, supermarketlərdə isə alıcı cəlb etmək üçün fərqli qiymət siyasəti yürüdülür və qiymətlər yuvarlaq olmur. Lakin bir sıra hallarda pullar müştəridən yuvarlaq olaraq alınır və bu, bəzən kassada xırda qəpiklərin olmaması ilə izah edilir. Lakin qaydalara görə, mağaza açılmamışdan qabaq, mağaza müdiri kassada qalıq qaytarmağa xırda pulların olub-olmadığını yoxlayıb, kassanı xırda qəpiklərlə təmin etməlidir. Ekspertlər bildirir ki, belə supermarketlərin "biznes uğuru" istehlakçı hüquqlarının pozulması üzərində qurulub.

Xırda qəpiklərlə bağlı analoji vəziyyətə bir sıra ictimai nəqliyyatda, daha doğrusu, avtobuslarda da rast gəlmək olar. Məsələn, bəzi marşrutlarda gediş haqqı 25 müəyyən edilsə də, əslində sərnişinlərdən 30 qəpik alınır. Sürücülər əksər hallarda qalan 5 qəpiyi qaytarmırlar. Elə sərnişinlərin əksəriyyəti də bu qalığı tələb etmirlər. Ekspertlərin fikrincə bu, ciddi problemdir. Belə ki, bəzi hallarda sürücülər vətəndaşın verdiyi 5 qəpikliyi ya geri qaytarır, ya da gedişhaqqının qalığını qaytarmır. Halbuki, Qərb ölkələrində bu praktika yoxdur. Çünki Avropa ölkələrinin heç birində sərnişin sürücüyə pul ödəmir. Yəni Avropa ölkələrində sürücü yalnız ictimai nəqliyyatın idarəetməsi ilə məşğuldur, heç bir halda sərnişin sürücüyə hər hansı bir ödəniş etmir. Eyni zamanda, nəqliyyatda biletlərin alınması elektronlaşıb, belə ki, sərnişin bilet almaq üçün elektron avtomatlardan istifadə edir. Xırda pullar xüsusi avtomatlar tərəfindən qəbul edilir, eyni zamanda sərnişin kredit kartından istifadə etməklə ödəniş edə bilər. O baxımdan, Avropada belə problem yoxdur. Azərbaycanda bu problemin aradan qalxmasının yeganə yolu nəqliyyatda kart sisteminin tətbiqidir. Düzdür, artıq buna başlanıb. Lakin kartlaşma sisteminə tam şəkildə keçilməsi müəyyən vaxt aparacaq. Ona qədər də avtobuslarda xırda pul probleminin davam etməsi qaçılmaz sayılır.