Azərbaycan vertolyot istehsalına başlayacaq?!

23 Yanvar 2014 10:20 (UTC+04:00)

Məlumdur ki, Azərbaycanın 2010-cu ilin sentyabr ayında sifariş verdiyi 24 ədəd Mi-35M helikopterinin ölkəyə çatdırılması porsesi tamamlanıb. Helikopter idxalında ölkəmiz tək Rusiya istehsalı ilə kifayətlənmir. Arsenalda İsrail və Türkiyə istehsalı olan vertolyotlar da az deyil. Ancaq bu işdə Azərbaycanın özünün istehsalı məsələsi də dəfələrlə gündəmə gəlib. Amma mütəxəssislər indilikdə hansısa ölkə ilə birgə və ya ayrıca Azərbaycanın vertolyot istehsal etməini bir o qədər real hesab etmirlər.


Üzeyir Cəfərov: "Bunu hansısa ölkə ilə birgə həyata keçirə bilərik"


Hərbçi ekspert Üzeyir Cəfərov bildirir ki, vertolyot istehsal etmək olar: "Amma onu istifadə etmək, potensial alıcı tapmaq problemli məsələdir. Ona görə də inanmıram ki, yaxın perspektivdə Azərbaycan vertolyot istehsalını özü təkbaşına həyata keçirsin. Türkiyə ilə birgə həyata keçirə bilər. Amma bu, daha çox Türkiyənin imkanları daxilində olan bir məsələdir. Azərbaycan bu məsələdə Türkiyəyə yalnız dəstək ola bilər. Yəni, ölkəmiz mütəxəssisləri ilə müəyyən detalların hazırlanmasında bu prosesdə iştirak edə bilər. Ümumiyyətlə, Azərbaycanın bir sıra ölkələrlə planları var. O planlardan da biri də birgə hərbi sənaye kompleksini inkişaf etdirməkdir. Türkiyə, İsrail, Rusiya və s. ölkələr uzun illər bu istiqamətdə çalışıblar. Bunların uzun illər təcrübəsi olmasına baxmayaraq, hələ də potensial alıcı tapmaqda çətinlik çəkirlər".

Ekspert bildirdi ki, Azərbaycanın kimdənsə asılı olmaması, daxildə istifadəsi üçün vertolyot istehsal edə bilər: "Amma həmin vertolyotdan nə qədər buraxacaq ki? Onu təmiri məsələsi də var. Heç hələlik o qədər mütəxəssislərimiz də yoxdur. Mütəxəssisləri hazırlamaq üçün illərlə vaxt lazımdır. Bunu hansısa ölkə ilə birgə həyata keçirə bilərik. Ancaq çox bahalı layihədir. Ondansa, idxal etməyimiz daha münasib olar. Bəzi ölkələrdə hətta yol patrul xidməti üçün vertolyotlar lazım olur. O da istisna edilmir ki, tıxacların fonunda daha yüksək rəhbərlikdə təmsil olunan bəzi məmurlarımız vertolyotdan istifadə etsinlər. Necə ki, hazırda Rusiya prezidenti və baş naziri işə gedib-gəlmək üçün vertolyotdan istifadə edirlər. Amma Azərbaycan üçün yaxın gələcəkdə vertolyot istehsalı və istismarı bir qədər problemli görünür".


Akif Rəhimov: "Iqtisadi inkişaf varsa, hansısa bir ölkə ilə bərabər vertolyot istehsal edən zavodu tikmək olar"


Ehtiyatda olan polkovnik Akif Rəhimov bildirir ki, əlbəttə, iqtisadi inkişaf varsa, hansısa bir ölkə ilə bərabər vertolyot istehsal edən zavodu tikmək olar: "Ancaq onun döyüş qabiliyyətini, piyadaları qorumaq, onun təmir məsələlərini nəzərə almaq lazımdır. Rusların vertolyotları sadələşmiş varinatdır. Onları döyüş bölgəsində də təmir etmək mümkündür. Keyfiyyəti ilə bərabər idarə edilməsi də o qədər qəliz deyil. Bunları nəzərə alaraq ən yaxşı variant Rusiyadan almaqdır".


Tərlan Eyvazov: "Bu gün həm yaxınlıq, həm texniki istinad, həm kadr baxımından Azərbaycanın Rusiyadan vertolyot alması daha əlverişlidir"


Digər bir ekspert Tərlan Eyvazov bildirir ki, helikopter sahəsində Sovet İttifaqının böyük təcrübəsi var: "Bugünki Rusiya təcrübəsi Türkiyədən irəlidədir. Azərbaycanın hazırda helikopter istehsalı ilə məşğul olmaq üçün o qədər potensialı yoxdur. Bu iş üçün tək iqtisadiyyat kifayət deyil. Təbii ki, bu sahədə ən yaxşı təcrübə ABŞ-a məxsusdur. Amma bu gün həm yaxınlıq, həm texniki istinad, həm kadr baxımından Azərbaycanın Rusiyadan vertolyot alması daha əlverişlidir".