Aparılan araşdırmalar göstərir ki, son 5 ildə ölkədə dövriyyədə olan pul kütləsi 2,5 dəfə artıb. Əgər 2008-ci ildə dövriyyədə olan pul kütləsi 6 milyard manat təşkil edirdisə, ötən ilin sonuna bu rəqəm 15,2 milyard manatı keçib. Pul kütləsinin bu cür artmasının ölkə iqtisadiyyatı üçün müəyyən təhdidlər yarada biləcəyi düşünülür.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
eksperti Rəşad Həsənov bildirir ki, pul kütləsinin artması
iqtisadiyyatın dövriyyəsi ilə birbaşa əlaqəlidir: "Əgər dövriyyənin
tələbi genişlənirsə, tələb müəyyən vəsaitlə qarşılanmalıdır. Bu,
vəsaitlərin çox olmasının şərtləndirən amillərdən biridir.
Ümumiyyətlə götürdükdə, son 5 ildə dövriyyədə olan pul kütləsinin
artımı ilə bağlı məsələdə inflyasiyanın da öz payı olub. Bu gün
azalsa belə, Azərbaycanda müəyyən qədər inflyasiya var. İnflyasiya
istər-istəməz dövriyyədə olan pul kütləsinin artımını şərtləndirən
əsas amildir. İqtisadi vəziyyət stabilləşdikcə, əhalinin gəlirləri
artdıqca, pullar toplanır və hüquqi şəxslərə nağd pulların əmanət
edilməsi prosesi gedir ki, bu da pul kütləsini artıran amillərdən
biridir. Amma Azərbaycanda dövriyyədəki pul kütləsinin
tənzimlənməsi Mərkəzi Bank tərəfindən həyata keçirilir. Mərkəzi
Bank çox sərtləşdirilmiş pul-kredit siyasəti həyata keçirməkdədir.
Əsas məqsəd, həm qiymət bahalaşmasının, həm də real sektora aid
olmayan vəsaitlərin dövriyyədə olması səbəbindən yarana biləcək
inflyasiyanın qarşısını almaqdır. Yəni biz daimi bel əməlumatlar
eşidirik ki, Mərkəzi Bank dövriyyədən 1 milyard və ya müəyyən qədər
vəsaiti kənarlaşdırdı. Bunun məqsədi, iqtisadiyyatın böyüməsi və
həmçinin müəssisələrin və şəxsi gəlirlərin yaxud da ki, istifadə
üçün olan gəlirlərin dövriyyədən kənarlaşdırılması yolu ilə baş
verəcək inflyasiyaların qarşısının alınmasıdır. Bununla bağlı
siyasəti həyata keçirməsinə baxmayaraq, real vəziyyət göstərir ki,
Mərkəzi Bankın fəaliyyəti dövriyyədə olan pul kütləsinin
həcmini çox aşağı səviyyyəyə salmağa yönəlib".
Bu gün yalnızca nağdsız ödənişlərlə
bağlı problemlərin olduğunu deyən iqtisadçı-ekspert Samir Əliyev
isə, artan pul kütləsinin inflyasiya ilə bağlı problemlər yarada
biləcəyini deyir: "Əlbəttə ki, bu, Azərbaycan iqtisadiyyatı üçün
üçün mənfi bir haldır. Diqqət yetirsək, görərik ki, bu 5 il
müddətində ölkə iqtisadiyyatının həcmi kifayət qədər böyüyüb.
Daxili məhsulun artımı müşahidə edilir və bu artım olduqda ölkədə
pul kütləsinin də artımı labüddür. Və ölkədə iqtisadiyyat üçün pul
tələb olunur ki, bu pul da, təbii ki, Mərkəzi Bank tərəfindən
ödənilir. Əsas səbəb bununla bağlıdır. Mən hesab edirəm ki, yaxın
zamanlarda da biz pul kütləsinin artacağını müşahidə edəcəyik.
Sadəcə, narahatçılıq doğuran məqam nağd pul kütləsinin artımıdır. O
baxımdan ki, baxmayaraq ki, ölkədə nağdsız dövriyyənin inkişafı ilə
bağlı təşəbbüslər göstərilir, amma biz müşahidə etsək, pul
kütləsinin nağd pulun həcmi yüksək olaraq qalmaqdadır. Bir tərəfdən
nağdsız dövriyyə ikişaf edir, bir tərəfdən də, nağd pullar
artır. Bu, iqtisadiyyatda böyük bir problem yarada bilər. Düzdür,
bu gün inflyasiya təhdidi yoxdur. Hamısı nəzarət altındadır. Amma
mənə elə gəlir ki, gələcəkdə bu halda inflyasiyanı cilovlamaq
sahəsində ciddi problemlər yarana bilər. Və bu halda pul kütləsinin
çoxluğu istisadiyyat üçün təhlükə törədə bilər. Amma hazırda elə
ciddi bir təhlükə törətmir".