400 min azərbaycanlı daşqın fəlakəti ilə üz-üzədir

24 Yanvar 2014 10:00 (UTC+04:00)

Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində sürətlə dağılan obyektlər sırasında infrastruktur da mühüm yer tutur. Bunlar arasında dörd su anbarı da var ki, onlara vaxtında proflaktik mühəndis xidmətləri göstərilmədyindən həmin su anbarları qəzalı vəziyyətə düşüb. Bu hal həm işğal olunmuş ərazilər, həm də Azərbaycanın bir sıra digər bölgələri üçün ciddi təhdid yaradır. Onlardan biri də Sərsəng su anbarıdır. 1976-cı ildə Tərtərçay üzərindəki inşa edilmiş su anbarı demək olar ki, 1988-ci ildən bəri əsaslı təmir olumur.

Qeyd edək ki, Sərsəng su anbarının ümumi sututumu 560 milyon kubmetr, bəndinin hündürlüyü isə 125 metrdir. Ermənistanın silahlı təcavüzü və işğalından əvvəl Sərsəng su anbarından kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 7 rayonunun ərazilərindəki əkin sahələri suvarılırdı. Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla və bioloji müxtəlifliyin məhvi ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış 400 min mülki əhalinin həyatı kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür.


Məsələ dəfələrlə beynəlxalq müstəvilərdə qabardılsa da, hələlik heç bir nəticə yoxdur. Əksinə, təhlükə hər gün bir qədər daha da artmaqdadır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor əvəzi, professor Ramiz Məmmədov "Mövqe"yə açıqlamasında bildirir ki, Azərbaycanın praktiki olaraq Sərsəng su anbarına daxil olması mümkün deyil: "Amma çox uzaqdan tədqiqat üsulları mövcuddur. Süni peyklərdən, məsafədən yoxlama, hətta 1 metrə qədər ayırdetmə qabiliyyətinə malik olan şəkillər əldə etmək mmükündür. Həmin lokasiya metodunu həyata keçirmək üçün isə kiməsə tapşırıq verilməlidir. Hansı peyklə onun çəkilməsi sifariş verilməlidir. Bununla nəsə əldə etmək olar. Yəni, ayırdetmə qabiliyəti yüksək olan kosmik, rəqəmsal aparatlardan dəqiq məlumatlar əldə etmək mümkündür. 6 mövqedən çəkilən şəkillərdən sonra orada nə proseslərin getdiyini izləmək, aşkarlamaq mümkün olacaq. Ondan sonra nəsə fikir söyləmək olar. Yoxsa indidən ictimai ədəbiyyatdan, ya da siyasətdən eşidilmiş sözlər əsasında bir fikir, qərar vermək məsuliyyətislik olardı. Bizdə olan məlumata görə, Azərbaycan tərəfi hələlik bu yöndə iş aparmır. Həmçinin o məlumat da bizdə var ki, ermənilər oradan özləri üçün xeyli su ayırıblar".

Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri doktoru Çingiz İsmayılov bildirdi ki, artıq 20 ildən artıqdır Tərtər və ətraf rayonların sakinləri Sərsəng su anbarının suyunun cəmi 2-3 faizindən istifadə edə bilir: "Ermənilər yayda çox cüzi həcmdə, qışda isə böyük həcmdə su buraxır. Bu isə ekoloji tarazlığı pozur. Birincisi, suyun olmaması süni quraqlığa səbəb olur. Quraqlığın güclənməsi isə bitki aləminin qıtlığını yaradır. Ermənilərin məqsədli şəkildə suyun qarşısını kəsməsi bu torpaqların suvarma işini əngəlləyib. Torpaq suvarılmırsa, orada çatlar əməl gəlir, torpağın üst münbit qatı külək vasitəsilə daşınır. Eyni zamanda burada yarğanlar əmələ gəlir, relyef formaları dəyişilir, bitki örtüyünün qıtlığı torpqların məhsuldarlığına mənfi təsirini göstərir. Həmçinin, suyun daimi olmaması qurunt sularının səviyyəsinin aşağı düşməsinə səbəb olur. Məsələn, əvvəl artezian quyular 20-30 metrdən çıxarılırdısa, indi 150 metrdən çıxarılır".

Çingiz İsmayılovun sözlərinə görə, digər problem odur ki, çay vadisində su gəlmədiyi üçün quraqlıq güclənib: "Burada insanların ənənəvi əkinçiliklə məşğul olmaq imkanları məhdudlaşdırıldığı üçün çaydan çınqıl daşı çıxardırlar. Bu da çay vadisini yararsız vəziyyətə salıb. Yəni, sabah güclü axın olsa, o çınqılların olmaması çayın daşıb su basmasına gətirib çıxara bilər. Əlbəttə ki, 20 ildən artıq bu torpaqlar suvarılmadığı, su anbarının texniki baxımdan lazımi səviyyədə olmadığı üçün təhlükələr var. Qəza baş versə, qısa müddətə Tərtər və Bərdənin həm yaşayış məntəqələri, həm də əkin sahələri su altında qala bilər. Ona görə, bu, həm iqtisadi, həm ekoloji, həm də sosial fəsadlara gətirib çıxara bilər. Beynəlxalq təşkilatlar Sərsəng su anbarını nəzarətə götürməlidirlər. Ermənilər Sərsəng su anbarını texniki baxımdan təmir etmək kimi gücə malik deyillər. Bunun üçün nə savadlı mütəxəssisləri, nə də imkanları var".