Britaniyada təyyarə, qatar və gəmilər sürətli internetlə təchiz ediləcək

24 Yanvar 2014 11:04 (UTC+04:00)

Böyük Britaniya Rabitə İdarəsi təyyarə, qatar və gəmilərdə yeni peyk rabitəsi texnologiyasından istifadəni bəyənib. Qeyd olunur ki, bu nəqliyyat vasitələrində baza stansiyaları üçün ümumi uzunluğu 4128 MHs olan yüksəkkeyfiyyətli diapazonun xeyli hissəsi ayrılıb ki, bu da genişzolaqlı bağlantıya (əvvəllər hərəkət zamanı olduğundan 10 dəfə çox) imkan verir.

 Movqe.Az xəbər verir ki, əvvəllər nəqliyyat şirkətləri sərnişinlərə internet xidmətləri göstərmək üçün digər peyk platformalarından və ya hava-yer tipli "3G" stansiyalarından istifadə ediblər. Rabitə İdarəsi operatorlara peykləri dəqiqliklə izləməklə havada və ya suda sabit rabitə və yüksək sürətə nail olmağa imkan verən texnologiyanın tətbiqini təsdiq edib.

 ABŞ-da əksər təyyarələr 2011-ci ildə buraxılan "ViaSat-1" peykindən istifadə etməklə yeni səviyyəli internet çıxışı ilə təchiz edilib. Məsələn, "JetBlue" aviaşirkəti "Fly-Fi" yüksəksürətli internet xidməti təqdim edir. Bundan başqa, ABŞ-ın bütün ərazisi 9 km hündürlükdə əlaqəni təmin edən "Gogo" "Wi-Fi" stansiyaları ilə əhatə olunub.

 İngilislərin səyahət zamanı əldə edəcəkləri sürətli internetin vaxtına gəldikdə, Rabitə İdarəsi gəmi və təyyarələrdə yeni peyk stansiyalarının quraşdırılması üçün müraciətlərin qəbuluna fevralda başlanılacağını bildirir. Qatarlar yerüstü nəqliyyat vasitəsi olduğundan onlar üçün xüsusi icazənin alınmasına ehtiyac duyulmur. Beləliklə, texnologiyanın kommersiya istifadəsinə ilin sonunadək başlanması gözlənilir, - "3 Dnews" yazır.