Avtomobillər üçün tüstü vergisinin tətbiqi yenidən gündəmə gəldi

24 Yanvar 2014 17:18 (UTC+04:00)

Məlum olduğu kimi bir çox ölkələrdə  avtomobillərə əmlak vergisi tətbiq edirlər. Bu zaman bir sıra hallarda avtomobillərin istehsal tarixi də nəzərə alınır. İlik köhnə olan avtomobillər daha çox vergi ödəyir. Vergilərdən toplanan vəsait isə adətən, ekologiyanın mühafizəsinə sərf olunur. Bəs bu təcrübənin Azərbaycanda da tətbiqi mümkündürmü? 

Avtomobil və nəqliyyat problemlərini araşdıran ekspert Seymur Yunusov Mövqe.az saytına verdiyi açıqlamada məsələyə belə münasibət bildirdi: "Bu verginin Azərbaycanda  tətbiq olunması 2013-cü ilin əvvəllərindən təklif olunub. Əmlak vergisi avtomobilin mühərrik gücünə görə hesablanır. Amma Avropa bundan çoxdan imtina edib. Orda daha çox tüstü vergisi alınır. Yəni, avtomobil nə qədər köhnədirsə, belə çıxır ki, atmosferi daha çox çirkləndirir. Texniki baxışdan keçən zaman, orada normalar var. O normalara əsasən, daha çox atmosferi çirkləndirən avtomobillərin sahibləri digərləri ilə nisbətdə artıq  vergi verirlər. Bu, tüstü vergisidir. Bizdə stereotiplər var ki, avtomobil nə qədər böyük, güclü olarsa, deməli, o daha çox yanacaq işlədir və havanı daha çox çirkləndirir. Amma son model avtomobillər belədir ki, texnologiyanın inkişafı sayəsində 3, 4  və ya 4.5 motor olsa da, onlar havanı çox cüzi şəkildə çirkləndirir. Çünki, bu avtomobillərin mühərrikləri çox müasir texnolgiya ilə hazırlanıb. Mühərrikin güclü olması onun havanı daha çox çirkləndirməsi demək deyil. Ona görə də, artıq Avropa mühərik gücünə görə olan bu vergini almaqdan imtina edib. Tüstüyə görə vergi alır. Bu da avtomatik olaraq avtomobil parkının yenilənməsinə gətirib çıxarır. Fikir verin, onlar avtomobili 10 ildən artıq sürmürlər. Vaxt keçəndən sonar onları başqa ölkələrə satırlar. Onun da sirri o tüstü vergisidir. Vergilər o qədər yüksəkdir ki, insanlara bu maşınlardan istifadə artıq sərfəli olmur. Onlar da tamamilə imtina edirlər. Bu da bizdə tətbiq olunmalıdır. Amma, yəqin ki, Azərbaycanda əhalinin vəziyyətinə görə bunu tətbiq etmirlər. Çünki, tətbiq edilsə, ən çox vergi ödəyənlər əhalinin aztəminatlı, kasıb təbəqəsi olacaq. Varlılar isə, əksinə, az vergi verəcəklər. Çünki, təzə maşınlar varlı insanlardadır. Ona görə də, sözügedən təcrübədən ölkəmizdə istifadə olunmur. Amma əgər avtomobil parkının yenilənməsini istəsək, ölkədə avtomobillərin azaldılması siyasəti aparılsa, gərək tramvaylar, trolleybuslar olsun.  Onda insanlardan tələb etmək olar ki, köhnə avtomobillərindən istifadə etməsinlər bə başqa alternativ ictimai nəqliyyatla gedib gəlsinlər. Amma bu gün insanlara haqq qazandırmaq olar. Çünki, əlavə nəqliyyat yoxdur. Ona görə də, hamı şəxsi avtomobilə üstünlük verir. Bu səbəbdən, əmlak vergisinin bizdə tətbiqi indiki vəziyyətdə doğru olmazdı. Tıxacların qarşısını almaq üçün isə, düşünürəm ki, dayanacaq qiymətləri bir neçə dəfə qaldırılmalı, tüstü vergisi tətbiq olunmalıdır. Belə olmasa, avtomobilləşmənin qarşısını almaq mümkün olmayacaq. Hər gün bir yol salınsa da, körpü tikilsə də, bunlar davamlı olmur. Səbəb də odur ki, ölkəmizdə avtomobil həddən artıq çoxdur. Ona görə də, avtomobillərin azalmasını istəyiriksə, həm dayanacaq qiymətləri qaldırılmalıdır, ödənişli yollar olmalıdır, həm də ki,  tüstü vergisi tətbiq olunmalıdır. Bu zaman hər insan özü hesablayacaq ki, bu gün işimə gedib gəlmək üçün mənim nə qədər xərcim çıxacaq. Görəndə ki, şəxsi avtomobildən istifadə ona ictimai nəqliyyatdan istifadəyə nisbətən daha baha başa gəlir, onda o avtomobildən imtina edəcək. Amma bizdə kifayət qədər ictimai nəqliyyat da yoxdur. Bütün bunları ümumiləşdirsək, düşünürəm ki, əmlak vergisinin deyil, tüstü vergisinin Azərbaycanda tətbiqi daha uyğun olardı".  

Avtomobillər üçün əmlak vergisinin Azərbaycanda tətbiqinin zəruri olmadığını deyən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə, Azərbaycanda tətbiq olunan yol vergisinin yetərli olduğunu düşünür: "Bizdə avtomobillər üçün əmlak vergisi olmasa da, yol vergisi var. Hər ölkədə ayrı sistem var. Azərbaycanda da yol vergisi tətbiq olunur. Yol vergisi avtomobilin daxili mühərikinin yanma potensialına görə tətbiq olunur. Onun ən minimum qiyməti 20 manatdır. Ən sadə, ən kiçik yanma mühərriki olan avtomobillərə aid edilir. Və mühərrikdən asılı olaraq 500 manata qədər arta bilər. Bu əslində elə həmin vergidir ki, insanlar həvəslənsinlər ki, daha az litrajlı avtomobillər əldə etsinlər. Üstəgəl, təbii bir şey də var ki, mühərrikin iş həcmi nə qədər çoxdursa, o qədər çox benzin işlədəcək. Bunun alış qiyməti bütün dünyada belədir. Həm də bunun istismar xərcləri də var. 

Onu da qeyd edim ki, Azərbaycanda icbari sığorta da tətbiq olunur. Buna əsasən, hamı məcburi şəkildə avtomobilini siğortadan keçirməlidir. İcbari sığorta da daxili yanma mühərriki ilə bağlıdır. Bu da bir stimullaşdırıcı vasitədir ki, insanlar mühərrikinin iş həcmi kiçik olan avtomobillərə yiyələnsinlər".