Şəhəri çirkləndirən reklam kağızları

24 Yanvar 2014 17:37 (UTC+04:00)

Bu gün şəhərin demək olar ki, hər yerində, istər yaşayış binalarının, istər yeni inşa edilən hansısa inrafsturkturun, məsələn körpülərin  fasadlarında, istər digər obyektlərin üzərində, dirəklərdə, ağacların üzərində kağız elanlara rast gəlirik. Səliqəsiz şəkildə hər yerdə yapışdırılan bu elanlar şəhərin görüntüsünü də pozur. Bir sıra  xarici ölkələrdə belə reklam kağızlarının yerləşdirilməsi üçün xüsusi lövhələr quraşdırılır. Azərbaycanda isə, bundan istifadə olunmur.  

Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev bu işə nəzarət etməli olan Reklam və İnformasiya İdarəsinin öz işini düzgün görmədiyindən, belə halların yaşandığını deyir:  "Bu elanlar, adətən sosial reklam xarakterli olur. Düzdür, sosial reklam üçün şəhərdə müəyyən yerlər ayrılmalıdır. Bu haqda ölkə Prezidentinin 2012-ci il 3 noyabr tarixli sərəncamı da var. Orada göstərilir ki, şəhərin müxtəlif yerlərində elanların yerləşdirilməsi üçün xüsusi lövhələr yaradılmalı və reklam xarakterli elanlar bura pulsuz şəkildə yerləşdirilməlidir. Buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi olsa da müvafiq heç bir tədbir görmür. Amma bunun üçün xüsusi layihələr hazırlanmalıdır. Bakı meriyası bunu təsdiq eləməlidir və bu  pulsuz hazırlanıb şəhər mühitində yerləşdirilməlidir. Belə guşələr insanların ən çox istifadə etdikləri ərazilərdə qurulmalıdır ki, əhali yerləşdirilmiş elanlardan rahat şəkildə yararlana bilsin. Reklam və İnformasiya İdarəsi bu işlə ciddi məşğul olmalıdır".

Məsələnin hüquqi tərəflərini isə, hüquqşunas Ələsgər Məmmədli dəyərləndirdi: "Bu, tamamilə tələb-təklif məsələsidir. İnsanlar bir formada bilgi almalı və ya bilgiləri yaymalıdırlar. Əgər bunun üçün müvafiq strukturlar insanlara müəyyən imkanlar təqdim etmirsə, yəni bələdiyyə və ya icra strukturları əhali üçün imkanlar yatarmırsa, o zaman onlar da məcbur olur ki, məlumatı hər hansı bir formada yaysınlar. Hüquqən hər hansı bir yerdə elanın olması əgər bir başqasının mülkiyyətində deyilsə və ya mülkiyyət sahibi elanın mövcudluğundan narahat deyilsə, problem yaratmır. O aspektdən yanaşdıqda, elanların hüquqən qadağan olunması doğru addım olmazdı.  Hüquqi yolla müdaxilə o zaman mümkün ola bilər ki, kimsə başqasına məxsus obyektə icazəsiz şəkildə elan yapışdıra. Bu zaman da sahibkar elandakı əlaqə nömrələri ilə elan sahibi ilə əlaqə saxlayaraq narazılığını ifadə edə bilər. Problemi öz aralarında həll edə bilməsələr, şəxs məhkəməyə də müraciət edə bilər. Bax bu zaman hüquqi müdaxilə mümkündür. Amma əgər belə bir hal yoxdursa, ümumi istifadə olunan yerlərə, məsələn, dirəklərə, divarlara və ya ağaclara kimsə elan yapışdırısa, bu, əlbəttə ki, görüntü çirkliliyi yarada bilir. Onun da qarşısını alacaq strukturlar, düşünürəm ki, kommunal məsələlərə baxan icra strukturları, eyni zamanda JEK-lər və bələdiyyələrdir. Bunu qadağan etmək yox, tənzimləmək lazımdır. Məsələn, sizin mənziliniz yerləşən blokun qarşısında elan yapışdırılır və orda yazılır ki, məsələn "Kondisioner və ya paltaryuyan maşın təmir edirəm". Və sizin də eyni vaxtda paltaryuyan təmirçisinə ehtiyacınız var.  Bu halda elandan götürdüyünüz nömrəylə xidmətdən istifadə edirsiniz. Beləliklə, burda qarşılıqlı ehtiyaclar ödənir. Bir tərəfdən usta özünə müştəri tapırsa, digər tərəfdən müştəri də usta tapır. Ona görə də, bloklarda və ya binaların hansısa hissəsində, xüsusi elan yeri olsa yaxşı olar. Əlbəttə ki, belə olan halda insanlar da elanlarını o lövhələrdə yerləşdirər. Əhali də ordan baxıb informasiyaları ala bilər. Elə bu yol özü  həmin münasibətləri tənzimləməkdir, qadağan etmək deyil. Hər blokda, hər binada xüsusi elan lövhələri yaradıla və elanların sadəcə ora yapışdırılması xahiş oluna bilər. Hətta bir qədər irəli gedib, lövhələr mövcud olan halda reklam divar və ya başqa yerlərə yapışdırılarsa, bununla bağlı müəyyən dərəcədə inzibati tədbirlər də həyata keçirmək olar. Amma hal-hazırda belə xüsusi lövhələr olmadığından, hər-hansı inzibati tədbirlərdən danışmaq mənasızdır".