Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşdü

25 Yanvar 2014 14:57 (UTC+04:00)
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Movqe.az affa.az saytına istinadən xəbər verir ki, son dövrlərdə Azərbaycanda futbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirlər barədə FIFA rəhbərliyinə ətraflı məlumat verilib, Bakıda inşası davam edən, 65 min azarkeş tutumuna malik olacaq Olimpiya stadionunun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub, geniş fikir mübadiləsi aparılıb. Yozef Blatter görülən işlərdən razılığını bildirib, Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycanda qadın idmanının inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək AFFA-nı "Qadın və İdman" diplomu ilə təltif etməsi münasibətilə AFFA-nı təbrik edib, həyata keçirilən tədbirlərin ölkəmizdə futbolun inkişafına böyük təkan verəcəyinə inandığını deyib. Görüşdə FIFA-nın Avropa üzrə inkişaf meneceri Eva Pasquier və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.