Bu gün AŞPA-nın qış sessiyası başlayır

27 Yanvar 2014 10:15 (UTC+04:00)

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası başlayır.


Movqe.az-ın xəbərinə görə, yanvarın 31-nə kimi davam edəcək sessiyanın gündəliyinə AŞPA-nın yeni prezidenti və vitse-prezidentlərinin seçilməsi, Maqnitski işi, internetin siyasətə təsiri, miqrantların Avropaya inteqrasiyası kimi məsələlər daxildir.

 

Bundan başqa, plenar iclaslarda müzakirə ediləcək əsas məsələlər arasında Ukraynada demokratik təsisatların fəaliyyətinə dair məsələ fövqəladə müzakirə kimi qurumun gündəliyinə salınıb. Hazırda Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Avstriyanın federal kansleri Verner Faymann və Avropa Parlamentinin sədri Martin Şulz Assambleyada çıxış edəcəklər. Eyni zamanda ənənəvi olaraq Avropa Şurasının baş katibi Tyorbörn Yaqland və AŞNK-ya sədrliyi icra edən Avstriyanın xarici işlər naziri Sebastyan Kurz AŞPA-da çıxış edərək, Assambleya üzvlərinin suallarını cavablandıracaqlar.

 

AŞPA-nın qış sessiyasının gedişində iqlim dəyişikliyi, AŞPA ilə Fələstin Milli Şurası arasındakı "demokratiya naminə tərəfdaşlıq" və insan hüquqlarının pozulduğu halda beynəlxalq təşkilatların öz hərəkətlərinə görə cavab vermə öhdəlikləri kimi mövzular da müzakirə ediləcək məsələlər sırasında olacaq.

 

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də sessiyada iştirak edəcək. Nümayəndə heyətinə deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Fazil Mustafa, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Fəzail İbrahimli, Elxan Süleymanov və Aydın Abbasov daxildir.