Elektron ticarətə vergi güzəşti

27 Yanvar 2014 14:35 (UTC+04:00)
Elektron ticarət yolu ilə daha qiymətli mal və əşyaların gətirilməsinə şərait yaratmaq məqsədilə müvafiq gömrük qaydaları yenidən işlənib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, bununla bağlı "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" təsdiq edilib. Yeni Qaydalarda öz əksini tapmış əsas prinsipial məqamlardan biri də ondan ibarətdir ki, beynəlxalq poçt göndərişləri vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən qeyri-kommersiya, yaxud qeyri-istehsal xarakterli mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməklə poçt vasitəsilə gətirilə bilər. Məlumdur ki, əvvəllər bu güzəştin məbləği 200 ABŞ dolları ekvivalenti təşkil edib. Digər bir yenilik isə ondan ibarətdir ki, əgər gətirilən malın dəyəri təyin olunmuş həddi (1000 ABŞ dollarını) aşarsa, gömrük rüsumu yalnız həmin həddən artıq olan məbləğə tətbiq ediləcək. Bundan əvvəlki qaydalara görə isə, gömrük rüsumu dəyəri 200 ABŞ dollarından yuxarı olan malın tam dəyərinə tətbiq edilirdi. Sözügedən dəyişikliklər vətəndaşlara daha böyük imkanlar yaratmaqla onların vəsaitlərinə qənaət etməsinə gətirib çıxardıb.  Bununla bərabər, yeni qaydalar vətəndaşlarımıza şəxsi istifadəsi üçün daha geniş çeşidli və dəyəri nisbətən yüksək olan mal və əşyaların beynəlxalq poçt göndərişləri vasitəsilə gətirilməsinə şərait yaradacaq. Bu sahədə poçt müəssisələrinin üzərinə də ciddi vəzifələr düşür. Ona görə də "Azərpoçt" MMC tərəfindən artıq bəzi tədbirlər həyata keçirilməkdədir. Belə ki, internet sifariş əsasında ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə "Azərpoçt" MMC-də yeni "SMS-bildiriş" xidmətinin göstərilməsinə başlanılıb. Poçt müəssisələrinə daxil olan beynəlxalq göndərişin üzərində alıcının telefon nömrəsi olduqda, həmin nömrəyə operativ olaraq "SMS-bildiriş" göndərilir və bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat verilir. Yeni xidmətin tətbiqi artıq ilk müsbət nəticələrini verib və beynəlxalq kiçik paket və bağlamaların çatdırılmasını xeyli dərəcədə sürətləndirib.