Lombardlar kredit bazarını ələ keçirəcəklər

28 Yanvar 2014 07:56 (UTC+04:00)

Xəbər verildiyi kimi, Mərkəzi Bank kommersiya banklarına arayışsız istehlak krediti verməyi qadağan etdi. Məqsəd problemli kreditlərin həcminin artmasının qarşsını almaqdır. Bu addım problemli kreditlərin həcmini azaldacaqsa belə, müəyyən fərqli problemlərə də yol aça bilər. Çünki, hazırda ölkədə istehlak kreditlərinin verilməsində banklarla paralel, lombardların da payı var.

Bundan başqa, rəsmi olmayan kredit portfelində sələmçiliyə də az təsadüf olunmur. Odur ki, qərardan sonra sələmçilik və lombard fəaliyyətinin stimullaşacağı gözləniləndir. Hətta, iqtisadçıların fikrincə, bundan sonra lombardların kredit dərəcələrində artımlar da müşahidə ediləcək.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, Mərkəzi Bankın bu addımı risklərin azaldılması məqsədi güdür: "Ancaq bu, lombardların və sələmçiliyin genişlənməsinə təsir göstərəcək. Bu da onunla bağlıdır ki, sələmçilik, lombard kimi maliyyə mənbələri həmişə leqal maliyyə mənbələrini əldə etmək çətin olan anda daha aktivləşir. Bu da sələmə müraciət edən şəxslərin həm sosial vəziyyətlərinin daha da pisləşməsinə, həm də hüquqlarını müdafiə etmək baxımından problemlər yaşayacağına aparıb çıxaracaq. Sələm faizlərinin yüksək olması nəticəsində özlərinin əlində olan mülkiyyətlərindən də məhrum olacaqlar. Sələmçilik xüsusən qeyri-leqal yolla əldə olunmuş pulların verilməsi kimi xarakterizə olunur. Bu da gizli iqtisadiyyatın inkişafına yardımçı olur. Bununla yanaşı, lombardların da vəziyyətdən yararlanma şansları artır. Lombardların aktivləşməsi sosial vəziyyəti ağır olan insanların vəziyyətini daha da ağırlaşdıra bilər. Bu gün arayışsız kredit alanlar əhalinin sosial vəziyyəti aşağı olan təbəqəsini təşkil edir. Daha da ağır problemlərin yaşanmaması üçün bu sahədə dövlət sosialyönümlü tədbirləri genişləndirməlidir. Sosial vəziyyəti aşağı olan insanlar üçün faizsiz borcvermə maliyyə aləti formalaşdırmalıdır. Çünki belə vəziyyətdə lombardlar da imkandan yararlanmağa çalışacaq. Hətta, bəzi hallarda öz faiz dərəclərini artırmağa meylli olacaqlar".

Digər iqtisadçı Elxan Mikayılov bildirir ki, burada mümhüm amil əhalinin istehlak kreditinə olan tələbatı və təklif məsələsidir: "Çünki, bu gün Azərbaycanda təklif tələbdən aşağıdır. O səbəbdən də banklar faiz dərəclərini yüksək səviyyədə saxlaya bilirlər. Tələbin təklifdən yüksək olması insanları alternativ maliyyə mənbələri axtarmağa vadar edir. Ona görə də sələmçiliyin, lombardların genişlənməsi ehtimalı var. Amma iqtisadi siyasət baxımından son proseslər onu göstərir ki, maliyyə böhranını doğuran əsas amillərdən biri qaytarılmayan kreditlərin payının artmasıdır. Ona görə də burada sərtləşməyə ehtiyac var idi. Bundan başqa, əhali arasında maarifləndirməyə də ehtiyac duyulur. Əhalidə kreditə axın o həddə çatıb ki, onlar nağd ala biləcəkləri vasitələri belə kreditlə əldə etməyə cəhd edirlər. Əhali arasında bu tendensiyanın qarşısının alınmasına ehtiyac var. Əhali nağd ala biləcəyi istehlak məhsullarını nağd alarsa, onda lombardlara meyl hallarının qarşısı alına bilər. Yəni, təkiflə tələb arasında balans yaradılmalıdır. Əks təqdirdə, lombardlar bu qanundan istifadə edib faiz dərəcələrini artıracaqlar".