"Əgər universitetlərdə adi
WI-FI sistemi yoxdursa, internetə çıxış yoxdursa, biz hansı
İKT-ının təhsildə rolundan və ya İKT sahəsində təhsildən danışa
bilərik ki?"
Bu gün müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf
istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin
kompyüterləşdirilməsi və iformasiyalaşdırılmasıdır.
Bu səbəbdən də, təsadüfi deyildir ki, BMT-nin bütün üzv
dövlətlərinin qəbul etdiyi Üçüncü minilliyin səkkiz inkişaf
məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi
istiqamətində göstərilir ki, informasiya-kommunikasiya
texnologiyalarından (İKT) bəhrələnmək imkanı yaradılmalıdır.
İnformasiya – kommunikasiya texnologiyaları cəmiyyətin və
iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik
templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq
olunur.
Azərbaycanda İKT sahəsində təhsilin tarixi çox gənc olsada, müəyyən
tədbirlər və addımlar atılmışdır.
Qeyd etmək lazımdır ki, ümumilikdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" ölkəmizdə bu prosesə start verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub.
Qeyd edək ki, adi dərs sistemindən fərqli
olaraq, kompyüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və
yaddaqalan olur. Tədris prosesində interaktiv lövhədən istifadə
edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin
edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə
xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində
kompyüterdə mümkün olan bütün əməliyyatları interaktiv
rejimdə aparmaq olar. "Ağıllı" lövhə, həmçinin kompyüterə qoşulan
mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və s.
qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə
bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində
mühüm əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın,
fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini,
müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə
prinsiplərini "möcüzəli" ekranda izləyə bilərlər. Bu isə
şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq
və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli
canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq,
tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da
artırır.
"Ağıllı" lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır
ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini,
hazırlanmış şablonları, modelləri kompyüterin daimi yaddaşında
saxlamaq və dəfələrlə istifadə etmək olar. Belə imkanlar müxtəlif
səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan
uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak
edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola bilər
və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi
təkrar-təkrar kompyüterdə izləyə bilərlər.
İKT-nin imkanlarından tədrisdə uğurla istifadə edən müəllimlər qeyd
edirlər ki, interaktiv rejimdə keçilən dərslərdə şagirdlərin
mərkəzi fiqur olması təmin edilir. Müəllim, əsasən, şagirdin
konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən,
şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən
rolunda çıxış edir. Elektron tədrisdə uşaqların hamısı lövhəyə
çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli
olurlar. İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, o
cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru
olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait
yaradır.
Bunlardan əlavə, müəllimlər İKT-nin köməyi ilə bir dərs prosesində
müxtəlif hazırlıqlı şagirdlərə fərqli yanaşma və adaptasiyalı
öyrətmə sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə uyğun
tapşırıqlar verə bilər. Uşaqların sinifdə statusuna uyğun onları
qruplara ayırmaqla kompyüterdə optimal iş rejimi də qurmaq olar.
Müəyyən fənlər üzrə məsələlərin, tədqiqat xarakterli çalışmaların
həllində belə qruplaşdırma xüsusi effekt verir. Müəllimin verdiyi suala sinifdəki şagirdlərin hamısı
kompyüter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində
aktiv iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini
istədikləri kimi qoruyub saxlaya bilirlər.
İnformasiya və Texnologiya universitetinin rəhbəri Rasim Əliquliyev
verdiyi müsahibəsində ölkədə lazımi kadrların yetərincə olduğunu
qeyd etdi: "Azərbaycanda İKT-nın böyük əhəmiyyəti var. Xüsusiylədə
təhsil sahəsində, informasiya biliklərinə yiyələnmək 1950 - ci
illərindən Azərbaycanda bir sıra istedadlı gənclərin xarici
ölkələrə göndərilməsindən başladı. Artıq o vaxtdan kadrlar
hazırlanırdı. Hal – hazırda Azərbaycanda təhsil sistemində İKT - na
çox böyük əhəmiyyəti var. Bu gün yeni - yeni texnologiyalar meydana
gəlir. Və təbiiki bizdə çalışırıq ki, bu texnologiyalar elm
prosesində tədbiq edilsin. Bunuda qeyd etmək lazımdır ki, 70-ci
illərdə Azərbaycanda iqtisadiyyat, kənd təsərrüfatı üzərində
qurulmuşdursa, artıq 70-ci illərdən sonra informasiya
texnologiyalarının əsası qoyuldu. Buna baxmayaraq çox az bir
müddətdə biz bucür inkişaf etdik. İndi desək ki, təhsil sistemində
İKT - na lazım olan yer ayrılmır düzgün olmazdı. Mən demirəm ki,
təhsildə hər şey bizim ürəyimizcədir. Lakin unutmamaqda lazımdır
ki, İKT-nın tarixi Azərbaycan üçün çox gəncdir, oki qala bizim
təhsil üçün.
Hal - hazırda İKT-nın təhsil sistemində tədbiq edilməsi üçün ölkədə
bir sıra işlər görülür. Lakin mən əminliklə deyirəm ki,
Azərbaycanda İKT üzrə çox savadlı kadrlar var. Bu isə o deməkdir
ki, təhsil sistemində İKT-na xüsusi yer ayrılır. Biz bu gün milli
kadrlarımızın sahəsində inkişaf edirik".
Bloqçu İlqar Mirzə isə İKT sahəsində təhsilin Azərbaycanda
lazımi səviyyədə olmadığını qeyd etdi: "Azərbaycan təhsilində
İKT-na böyük əhəmiyyət verilsədə, bu bir o qədərdə inkişaf
etdirilməyib. Ali təhsilli gənclərimizin lazımi səviyyədə
informasiya texnologiyalarından bilikləri olmur. Bunda isə ilk öncə
təhsil sistemi günahkar görülür. Əgər biz ali savaddan danışırıqsa,
buna İKT bilikləridə daxildir. Bu isə bu günün gənclərində yox
səviyyəsindədir. Çünki təhsil zamanı, istər orta məktəbdə,
istərsədə ali təhsil ocaqlarında İKT bilikləri lazımi səviyyədə örgədilmir. Əgər
universitetlərdə adi WI-FI sistemi yoxdursa, internetə çıxış
yoxdursa, biz hansı İKT-ının təhsildə rolundan və ya İKT sahəsində
təhsildən danışa bilərik ki? Hər şeyin əsası təhsil olduğundan, ilk
öncə təhsil ocaqlarında lazımi səviyyədə kadrlar yetişdirmək
lazımdır".
Bu gün Azərbaycanda, Azərbaycanın təhsilində və onun cəmiyyətində
rolu olduqca böyük olan İKT inkişaf etməkdədir. Hər gün sürətlə
yenilənən İKT Azərbaycan təhsilində də, öz mühim yerini tutub.
Çünki 21-ci əsrdə ölkə inkişafı üçün ilk öncə təhsilin səviyyəsinin
yüksək olmasıdır. Bunun üçünsə İKT sahəsində təhsilin inkişafı
gərəkdir.
Türkan Nadirqızı
Movqe.Az