Nazir müavini saxta diplom satanlara xəbərdarlıq etdi
28 Yanvar 2014 14:29 (UTC+04:00)
"Azərbaycan Müəllimlər İnstitutunun Gəncə
filialında aşkar olunan saxta diplomlarla bağlı hazırda Baş
Prokurorluqda istintaq gedir. İstintaq başa çatdıqdan sonra Baş
Prokurorluq bununla bağlı geniş məlumat verəcək".
Movqe.az xəbər verir ki, bunu jurnalistlərə
açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Nazir
müavini bildirib ki, ali məktəblərdə mütəmadi yoxlamalar həyata
keçirilir. O qeyd edib ki, hansısa ali məktəbdə bu cür neqativ hal
aşkarlanarsa, sərt addımlar atılacaq: "Hazırda xüsusi olaraq hər
hansısa yoxlama həyata keçirilmir. Ali təhsil müəssisələrində
tədrisin səviyyəsi yoxlanarkən diplomlarla olan vəziyyət də
araşdırılır".Azərbaycanda 12 illik təhsilə keçid məsələsinə də
aydınlıq gətirən C. Bayramov qeyd edib ki, bu məsələ "Azərbaycanda
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda əksini tapıb: "12
illik təhsil strategiyada qoyulmuş hədəflərdən biridir. Hazırda
strategiyanın fəaliyyət planı hazırlanır, bundan sonra isə müvafiq
dövlət proqramları qəbul ediləcək. 12 illik təhsilə keçidlə bağlı
dövlət proqramı qəbul olunduqda orada ətraflı təfərrüatlar
veriləcək. 12 illik təhsilə keçidin hansı sinifdən başlayacağı
barədə indidən nəsə demək tezdir".