Paytaxtda manyak peyda olub?- DİN-dən rəsmi açıqlama

28 Yanvar 2014 16:35 (UTC+04:00)

Bir müddət əvvəl Facebook sosial şəbəkəsində yayılan manyakla bağlı xəbər əhali arasında xof yaradıb. Xatırladaq ki, həmin məlumatda Bakıda QİÇS virusunun daşıyıcı olan naməlum şəxslərin vətəndaşları bu xəstəliyə yoluxdurmağa çalışdığı deyilirdi: "Bakıda QİÇS virusunun daşıyıcıları olan bəzi manyaklar müxtəlif yerlərdə təsadufi insanlara öz şprislərini batırırlar. Yayılan məlumata görə, bu günlərdə avtobusda bir qızın qoluna şpris batırıb qaçıblar. Ehtiyatlı olun dostlar! Yolda, avtobusda, ictimai yerlərdə oturacağınız yeri nəzərdən keçirin, şübhəli insanlardan kənar durmağa çalışın. Xaricdə belə olaylar tez-tez baş verir. Və məlumatlara görə artıq Bakıda 2 nəfər bu virusa yoluxdurulub. Maksimum ehtiyatlı olaq!"

Movqe.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən Movqe.az-a bildiriblər ki, onlarda paytaxtda manyak peyda olması ilə bağlı məlumat yoxdur: "Hadisə hansı rayonda olub? Gərək hadisənin baş verdiyi ərazi göstərilə ki, araşdırma aparıla. Bizə də həmin rayon Polis İdarəsindən məlumat daxil ola. Hələki belə bir xəbər yoxdur".